Sosial şəbəkələrdə yayılan səs yazısı təhsil müəssisələrinə olan etimadı bir qədər də sarsıtdı. Mənim fikrimcə, bu hadisə çox ciddi siqnaldır.
Bakının Yasamal rayonundakı 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya aid olduğu iddia edilən səs yazısında belə ifadələr səslənir: “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm.” Bu sözlərin bir direktorun dilindən deyilməsi nə dərəcədə düzgündür ?
Məsələyə sadəcə bir “səs yazısı” kimi baxmaq doğru deyil. Bu, bəzi məktəb direktorlarında uzun illərdir formalaşmış şəffaflıq və məsuliyyət çatışmazlığının əksidir. Məktəb direktoru nümunə olmalı, şagird və müəllimlərə düzgün davranış sərgiləməlidir. Lakin belə yanaşmalar göstərir ki, bəzən məktəblərdə “pulun gücü” etik dəyərlərdən üstün tutulur. Halbuki vəziyyət tam əksinə olmalıdır.
Bakı Şəhər Təhsil İdarəsinin araşdırma aparacağını açıqlaması müsbət haldır. Amma əsas məsələ budur ki, direktor məsuliyyət daşıyacaqmı, yoxsa yenə də günah yalnız səs yazısını yayan şəxsin üzərinə qoyulacaq? Valideynlərin ən böyük narahatlığı da məhz budur. Çünki təhsil yalnız kitab və dərsliklərlə ölçülmür. Rəhbər nümunəsi, etik davranış və şəffaflıq hər bir məktəbin təməl prinsipləri olmalıdır. Əks halda, sosial şəbəkələrdə yayılan hər belə hadisə gənclərin gözündə təhsilin dəyərini daha da azaldır.
Baku TV-yə müsahibəsində Təranə Məmmədova “camaatın balasına xidmət edirəm” deyir. Ancaq bu xidmətin təmənnasız olmadığını, pul yığılmasını inkar etmədiyini də açıq göstərir. Halbuki, valideynlərin bir çoxu 20-30 manat ödəməkdə belə çətinlik çəkir. Onların arasında evsiz, işsiz, aztəminatlı ailələr də var.
Məktəb direktorunun “yaxşı eləmişəm” ifadəsi isə cəmiyyətin və gələcək nəslin gözündə heç də yaxşı görünmür. Əksinə, həm gülüş, həm də qıcıq doğurur. Və düşündürür: belə “yaxşılıqlar”la hansı gələcəyimizi quracağıq?
Savalan Talıblı
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin