BMT Baş Assambleyasının Nyu Yorkda keçirilməsi ilə əlaqədar ABŞ-da səfərdə olan Emmanuel Makronun yolların bağlı olması səbəbindən avtomobil kortejinin polis tərəfindən saxlanılması dünya və Fransa mətbuatının diqqətini çəkib. Siyasi şərhçi Azər Həsrət yenifikir.media-ya açıqlamasında bildirib:
“Hansısa bir ölkənin avtomobil kortejini saxlamaq adi hadisə deyil. Hətta Amerika Birləşmiş Ştatları kimi, qanunun üstün tutulduğu bir ölkədə bunu etmək demək olar ki, mümkün deyil. Əgər edilibsə, deməli, bunun ciddi əsasları və səbəbləri olub.
Xüsusilə də indi BMT-nin Baş Məclisi keçirilir, dünya liderləri Nyu Yorka gəlir; yəni bu an şəhər qlobal diqqət mərkəzindədir. Belə şəraitdə prezident kortejinin saxlanması üçün çox ciddi səbəblər olmalıdır.
Trampın xarakterini nəzərə alsaq, burada bəlkə də planlı bir hərəkət olduğunu söyləmək olar. Bilirsiniz ki, Emmanuel Makron çağdaş Fransanın prezidentləri arasında xarizmasını ayaqları altına atması ilə fərqlənir. Ondan əvvəlki prezidentlər çəkilərini və mövqelərini qoruyub saxlayıblar, amma Makron bunu edə bilmir. ABŞ prezidenti onu Ağ Evdə qarşılayanda bunu hiss etdi. Ola bilər ki, Tramp bu dəfə də Makrona müəyyən mesaj vermək istəyib: dünyanın ağası mənəm. Fransa qədim tarixə malik ola bilər, Avropanın seçilən dövləti və Avropa Birliyinin qurucusu ola bilər, amma siz mənə biyət etməlisiniz – bu da mesaj ola bilər. Ətraflı məlumatlar daxil olduqca bunu ayrıca şərh etmək mümkün olacaq.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin