7 Oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə bağlı “Yeni Fikir”ə açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması, əmək müqavilələrinin bağlanması, əməkhaqqının ödənilməsi və layiqli əmək şəraitinin təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Deputat bildirib ki, layiqli əmək yalnız məşğulluğun təmin olunması ilə məhdudlaşmır. Onun sözlərinə görə, işçinin gördüyü işin peşəsinə və istəyinə uyğun olması, layiqli əməkhaqqı alması, əmək hüquqlarının və sosial təminatının qorunması da bu anlayışın əsas tərkib hissələridir.

Musa Quliyev qeyd edib ki, Azərbaycanda əmək hüquqlarının müdafiəsi istiqamətində həm milli qanunvericilik, həm də beynəlxalq əmək standartlarının tətbiqi baxımından mühüm addımlar atılıb. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının fundamental konvensiyalarının hamısını qəbul edən ölkələrdən biridir.

Deputatın sözlərinə görə, əmək hüquqlarının qorunmasında dövlət qurumları ilə yanaşı, həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı da mühüm rol oynayır. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti və həmkarlar ittifaqları tərəfindən işçilərin əmək hüquqlarının pozulması ilə bağlı müraciətlər araşdırılır və müvafiq tədbirlər görülür.

Musa Quliyev əmək hüquqlarının qorunması üçün qanunvericiliklə yanaşı, işçilərin öz hüquq və vəzifələrini bilməsinin də vacib olduğunu vurğulayıb. Onun fikrincə, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var.

Deputat əməkhaqqının da layiqli əməyin əsas elementlərindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, son illərdə Azərbaycanda əməkhaqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Musa Quliyev əmək müqaviləsi olmadan işə cəlbetmə hallarının əsasən özəl sektorda müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, xüsusilə ticarət və tikinti sahələrində qeyri-rəsmi məşğulluqla bağlı problemlərə rast gəlinir.

“Əmək müqaviləsi olmadan işləmək gələcəkdə işçi üçün ciddi itkilərə səbəb ola bilər. İşçi iş yerində xəsarət aldıqda kompensasiya almaqda çətinlik çəkə, məzuniyyət, əlavə iş saatlarına, gecə növbəsinə və bayram günlərində görülən işə görə nəzərdə tutulan ödənişlərdən məhrum ola bilər”, – deyə deputat vurğulayıb.

O əlavə edib ki, əmək müqaviləsinin olmaması sosial sığorta və gələcək pensiya təminatı baxımından da işçi üçün ciddi risklər yaradır. Rəsmi əməkhaqqının aşağı göstərilməsi isə gələcəkdə pensiya kapitalının az formalaşmasına səbəb ola bilər.

Deputatın sözlərinə görə, Azərbaycanda son illərdə əmək müqavilələrinin sayında ciddi artım müşahidə olunur. Bununla belə, əmək müqaviləsi əsasında çalışanların xüsusi çəkisinin daha da artırılmasına ehtiyac var.

Musa Quliyev hesab edir ki, əmək münasibətlərində şəffaflığın təmin olunması üçün maarifləndirmə, ictimai nəzarət və qanunvericiliyin effektiv tətbiqi paralel şəkildə həyata keçirilməlidir.

Deputat sınaq müddəti ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, sınaq müddəti işəgötürənin şəxsi istəyindən asılı deyil və Əmək Məcəlləsi ilə tənzimlənir.

“Sınaq müddəti qanunvericiliklə tənzimlənir. Adətən üç aya qədər nəzərdə tutulur, bəzi hallarda isə daha uzun müddət müəyyən edilə bilər. Lakin sınaq müddətində çalışan şəxs əməkhaqqı almalıdır. Şəxs işləyirsə, onun əməkhaqqı ödənilməlidir. Sadəcə, həmin müddətin sonunda onunla əmək münasibətlərinin davam etdirilib-etdirilməyəcəyi müəyyənləşdirilir”, – deyə Musa Quliyev bildirib.

Deputat vurğulayıb ki, işçilərin əmək hüquqlarının qorunması üçün həm dövlətin nəzarət mexanizmləri, həm işəgötürənlərin qanunvericiliyə əməl etməsi, həm də vətəndaşların öz hüquqlarını bilməsi mühüm əhəmiyyət daşıyır.
Şəlalə Camal

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın