Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın xarici siyasət prioritetlərini, regional və qlobal proseslərə münasibətini, həmçinin ölkənin əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından əvəzsiz platforma rolunu oynadı. Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra bölgədə formalaşmış yeni geosiyasi reallıqları ətraflı şəkildə izah etdi və vurğuladı ki, bu reallıqlar bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal imkanlar yaradır. Səfər çərçivəsində keçirilmiş ikitərəfli görüşlər, beynəlxalq təşkilatların rəhbərləri və dünya liderləri ilə aparılan danışıqlar Azərbaycanın diplomatik əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıdı. Bu görüşlər zamanı Azərbaycanın mövqeyi, regional əməkdaşlıq təşəbbüsləri və gələcək inkişaf perspektivləri diqqətlə müzakirə olundu, bir çox hallarda ölkəmizin haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.

BMT Baş Assambleyasının 80-ci sessiyasında Cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, regional və qlobal məsələlərdə baxışlarının açıqlanması və ölkənin əldə etdiyi uğurların təqdim edilməsi baxımından önəmli platforma oldu. Prezident çıxışında qeyd etdi ki, 1992-ci ildə münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi, həmsədrlər status-kvonu qoruyub saxlamağa çalışaraq səmərəli nəticələr əldə edə bilmədilər. Bu uzunmüddətli səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistanın müharibə zamanı şəhərlərimizi və kəndlərimizi ballistik raketlər və kasetli mərmilərlə bombardman etməsi, 100-dən çox günahsız mülki vətəndaşımızın həyatına son qoyması ilə yanaşı, Azərbaycan müharibəni beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam riayət etməklə apardı. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı torpaqları azad etdi və Azərbaycanın ərazi bütövlüyünü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə bərpa etdi.

2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası ilə Azərbaycan ərazi bütövlüyünü bərpa edərək 30 ilə yaxın işğala son qoydu. Zəfər müharibəsindən dərhal sonra Azərbaycan beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürərək Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyətini bəyan etdi və sülh müqaviləsi layihəsini təqdim etdi. 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi yalnız ikitərəfli əsasda aparıldı və müxtəlif təxribatlara baxmayaraq müsbət nəticələrlə başa çatdı. Prezident çıxışında vurğuladı ki, regional bağlantılar davamlı sülh və əməkdaşlığın əsasını təşkil edir. Vaşinqton Sammitinin nəticəsi olan Zəngəzur dəhlizindən maneəsiz keçid və regional bağlantıları gücləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, Prezident İlham Əliyev COP29 tədbirinə ev sahibliyi etməyin, iqlim maliyyəsi, yaşıl keçid və davamlı inkişaf sahəsində əldə olunmuş nəticələrin qlobal əhəmiyyətini qeyd etdi. Azərbaycan Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün çərçivəni tamamlayıb və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinə rəhbərlik edir. Prezident vurğuladı ki, yaşıl keçidə sadiq qalmaqla yanaşı, qarşıya real olmayan hədəflər qoymaq olmaz, çünki enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla sıx bağlıdır. Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və regionun enerji təhlükəsizliyinə strateji töhfələr verir, bərpaolunan enerji mənbələrinə investisiyalar yatırır, 2030-cu ilə qədər enerji istehsalının təxminən 40%-ni bərpaolunan mənbələr hesabına təmin etməyi planlaşdırır.

Cənab Prezidentin BMT tribunasından verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan yalnız region daxilində deyil, qlobal miqyasda da etibarlı və etibar olunan tərəfdaşdır. Ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat və logistika layihələri, iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu faktlar Azərbaycanın xarici siyasət kursunun düzgün və praqmatik olduğunu sübut edir: milli maraqlara əsaslanan siyasət eyni zamanda regional sabitlik və beynəlxalq əməkdaşlığa da müsbət təsir göstərir. Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan regionda və qlobal miqyasda etibarlı tərəfdaşdır, sülh, əməkdaşlıq və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq səviyyədə həm siyasi, həm də iqtisadi sahələrdə aktiv rol oynayır.

Hüseynova Samirə Adəm qızı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir