Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək bildirib ki, Azərbaycan həm müharibədə, həm də sülhdə qələbə qazanıb, işğala son qoyub və bərpa işlərinə başlayıb. Prezidentin sözlərinə görə, ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. O həmçinin vurğulayıb ki, Azərbaycan bu müsbət təcrübəsini paylaşmağa hazırdır.
Siyasi şərhçi Rauf Zeyni çıxışı şərh edərkən bildirib ki, bu çıxış həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan ərazicə kiçik və sayca az xalqı olan bir ölkə olsa da, strateji mövqeyi və son illərdə əldə etdiyi hərbi və siyasi uğurlar sayəsində regionda və dünyada xüsusi çəkiyə malikdir.
Cənab İlham Əliyev çıxışında yalnız Azərbaycan maraqlarını deyil, bütün bəşəriyyətin rifahını nəzərə alan və yeni sülh naminə əməkdaşlıq çağırışları edən lider imicini nümayiş etdirib. Bu mesajlar onu dəstəkləyənlər tərəfindən müsbət qarşılanır, lakin bəzi qüvvələrdə qısqanclıq yaradır.
Rauf Zeyni vurğulayıb ki, xalq olaraq biz bu çıxışdan qürur və fəxr hissi keçiririk. Eyni zamanda, dünyanın təhlükəsizliyinə məsul olan liderlər və onu pozmaq istəyən qüvvələr çıxışdan nəticələr çıxaracaqlar. Vətəndaş cəmiyyəti olaraq isə biz hər zaman ölkə prezidentinin yanında olacağıq, onu dəstəkləyəcəyik və gələcəkdə həyata keçiriləcək genişmiqyaslı dünya siyasətində də yanındayıq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

