Dil Siyasi sərhədlər dövlətləri ayıra bilər, amma dillər könülləri birləşdirmək üçündür.
Azərbaycan ilə Türkiyə “Bir millət, iki dövlət” anlayışını yalnız siyasi şüar kimi deyil, ortaq tarixə, ortaq dilə, ortaq mədəniyyətə və ortaq mənəvi dəyərlərə söykənən bir reallıq kimi qəbul edir.
Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, hərbi və mədəni əməkdaşlıq əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Lakin bütün bu inkişaflara baxmayaraq, diqqət çəkən mühüm bir çatışmazlıq hələ də qalmaqdadır: iki qardaş ölkənin mətbuat və ədəbiyyat dünyasında qarşılıqlı dil istifadəsi arzuolunan səviyyəyə çatmamışdır.
Bu gün Türkiyə mətbuatında Azərbaycan türkcəsində qələmə alınmış köşə yazıları, elmi məqalələr və ədəbi əsərlər son dərəcə məhduddur. Eyni vəziyyət Azərbaycan mətbuatı üçün də keçərlidir.
Türkiyə türkcəsində yazılmış bir çox mətn isə özünəməxsusluğunu qoruyaraq yayımlanmaq əvəzinə uyğunlaşdırılır, üzərində dəyişikliklər edilir və ya tamamilə nəşrdən çıxarılır.

Halbuki eyni dil ailəsinə mənsub olan iki xalq arasında belə məhdud dil mübadiləsinin mövcudluğu ciddi şəkildə düşünülməsi lazım olan bir məsələdir.
İlk ağla gələn səbəb iki şivə arasındakı fərqlərin olduğundan daha böyük qəbul edilməsidir. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında tələffüzdə, söz ehtiyatında və bəzi terminlərdə fərqlər ola bilər. Lakin, bu fərqlər qarşılıqlı anlaşmanı əngəlləyəcək səviyyədə deyil. Əksinə, müntəzəm oxu və ünsiyyət sayəsində hər iki cəmiyyət qısa müddət ərzində bir-birinin dilinə alışa bilər.
Digər bir səbəb isə mətbuat yanaşmasıdır. Müasir mətbuat daha geniş auditoriyaya çatmağı hədəflədiyi üçün redaktorlar oxucunun alışdığı dil çərçivəsindən kənara çıxmaqdan çəkinirlər. Bu səbəbdən mətnlər çox vaxt müəllifin üslubunu qoruyaraq deyil, yerli dil qaydalarına uyğun şəkildə yenidən formalaşdırılır. Beləliklə, oxucu qardaş xalqın dilini təbii və olduğu kimi tanımaq imkanından məhrum olur.
Problemin başqa bir tərəfi də akademik və ədəbi əməkdaşlığın kifayət qədər sistemli şəkildə qurulmamasıdır.
Universitetlər, elmi jurnallar, nəşriyyatlar və mədəniyyət qurumları arasında ortaq layihələr hər keçən gün artsa da, bu əməkdaşlıq hələ mövcud potensialın gerisində qalır.
Halbuki ortaq elmi nəşrlər, hər iki türkcədə hazırlanan jurnallar, yazıçı mübadiləsi proqramları və ortaq ədəbiyyat layihələri bu boşluğu qısa müddətdə doldura biləcək imkanlara malikdir.
Psixoloji amilləri də nəzərdən qaçırmaq olmaz. Azərbaycanda insanlar uzun illərdir Türkiyə televiziya kanallarını, seriallarını və filmlərini izləyirlər. Buna görə də Türkiyə türkcəsini anlama səviyyəsi kifayət qədər yüksəkdir. Türkiyədə isə Azərbaycan türkcəsi ilə gündəlik həyatda qarşılaşma səviyyəsi daha aşağıdır. Nəticədə iki tərəfli dil vərdişi formalaşa bilmir, ünsiyyət isə daha çox birtərəfli şəkildə inkişaf edir.
Lakin məsələ yalnız dil fərqlərindən ibarət deyil. Əsas problem fikir mübadiləsinin arzuolunan səviyyəyə çatmamasıdır. Eyni tarixi paylaşan, eyni qəhrəmanlara hörmət edən və ortaq dəyərlərə sahib olan millət bir-birinin fikir dünyasına kifayət qədər yaxınlaşa bilmirsə, bunun səbəbini yalnız dil qaydalarında axtarmaq doğru olmaz. Bəzən görünməyən maneələr görünənlərdən daha böyük ola bilər.
Bu gün dünyanın bir çox ölkəsində insanlar müxtəlif dillərdə yazılmış əsərləri oxuya bilmək üçün aylarla tərcümə gözləyirlər. Halbuki Azərbaycan ilə Türkiyənin belə bir məcburiyyəti yoxdur. Çünki bu millətin dili eyni kökdən qidalanır.
Belə böyük bir üstünlüyün yetərincə dəyərləndirilməməsi gələcək nəsillərin qarşısında böyük bir imkanın itirilməsi deməkdir.
Düşündürücü olan başqa bir məqam da var. Xarici dillərdə yazılmış məqalə və araşdırmalara bir çox platformalarda maraq göstərilir, onların yayımlanması üçün müxtəlif imkanlar yaradılır. Bəs bizə ən yaxın olan dilə niyə eyni münasibət göstərilmir? Nə üçün qardaş ölkənin müəllifi əsərini öz türkcəsində yayımlamaq imkanı əldə etməsin? Çünki oxucu yalnız yeni fikirlərlə deyil, yeni sözlərlə də zənginləşir.
Dil qardaşlığı siyasi qardaşlıqdan geri qalmamalıdır.
Dövlətlər arasındakı sazişlər, ortaq layihələr və strateji əməkdaşlıqlar, əlbəttə, böyük əhəmiyyət daşıyır. Lakin millətləri bir-birinə yaxınlaşdıran ən güçlü vasitə sözdür. Bir yazıçının qələmi, bir alimin araşdırması, bir jurnalistin şərhi və ya bir şairin misraları sərhəd tanımır.
Əgər bu sözlər qardaş ölkəyə öz təbii dili ilə çata bilmirsə, mənəvi bütövləşmə də yarımçıq qalacaq.
LBəlkə də artıq mətbuat qurumlarının yeni bir yanaşmanı mənimsəməsinin vaxtıdır.
Azərbaycan və Türkiyədəki qəzetlərdə və xəbər saytlarında “Ortaq Söz”, “Qardaş Qələmlər” və ya “Türk Dünyasından” başlığı altında silsilə yazılar yayımlana bilər.
Bu bölmələrdə yazılar müəllifin öz türkcəsində yayımlanar, yalnız zərurət yarandıqda bəzi sözlərə qısa izahlar əlavə edilər.
Beləliklə, həm müəllifin üslubu qorunar, həm də oxucu təbii şəkildə digər türkcəni öyrənmə prosesinə daxil olar.
Belə bir təşəbbüs yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün nümunə ola bilər.
Ortaq mətbuat dili və ortaq düşüncə mühiti yaratmaq gələcəkdə türk dövlətləri arasındakı mədəni bağları daha da gücləndirəcəkdir.
Ortaq bilik və fikir dünyası yalnız bir-birimizin sözünü oxuduğumuz, anladığımız və paylaşdığımız zaman formalaşa bilər.
Universitetlər arasında ortaq elmi nəşrlərin hazırlanması, jurnalistlərin qarşılıqlı şəkildə bir-birinin qəzet və xəbər saytlarında yazılar dərc etməsi, yazıçılar üçün ortaq layihələrin həyata keçirilməsi və mətbuat qurumlarının bir-birinin müəlliflərinə müntəzəm yer verməsi artıq seçim deyil, zərurətdir. Çünki ortaq intellektual mühit yalnız bu yolla formalaşa bilər.
Bu gün azərbaycanlı gənclər Türkiyə yazıçılarını, Türkiyədəki gənclər isə Azərbaycan ədəbiyyatını getdikcə daha çox tanımağa başlayırlar. Lakin bu proses əsasən fərdi maraq və şəxsi səylər hesabına irəliləyir.
Halbuki bunun dövlət siyasəti, mədəniyyət və mətbuat qurumları tərəfindən də dəstəklənməsi çox vacibdir. Çünki mədəni yaxınlıq təsadüflərlə deyil, davamlı və məqsədyönlü siyasətlərlə möhkəmlənir.
Xalidə Xalid
Araşdırmaçı-yazar
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

