Bəzi hadisələr var ki, təkcə rəsmi protokola daxil olmur, həm də dövlətlərin münasibətlərinə yeni ruh, yeni nəfəs gətirir. Prezident cənab İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi məhz belə bir hadisədir. Bu mükafat mənəvi baxımdan dərin rəmz daşıyır. Çünki söhbət həm də bir ölkənin 30 ildən sonra qazandığı sülhün beynəlxalq səviyyədə təkzibi mümkün olmayan təsdiqindən gedir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əbu-Dabidəki çıxışı böyük məna və əhəmiyyət kəsb etdi. Prezident çıxışında BƏƏ rəhbərliyinə təşəkkür etdi və bu gün BƏƏ-nin tarixi köklərə malik olmasını, Şeyx Zayedin böyük bir lider olmasını və Şeyx Məhəmmədin atasının yolunu davam etdirərək BƏƏ-ni dünyanın ən uğurlu ölkələrindən birinə çevirməsini qeyd etdi.
Çıxışda beynəlxalq vasitəçiliyə də toxunuldu.
Vaşinqton Zirvə görüşündən sonra başlayan proses artıq sülh anlaşmasının kağızdan çıxaraq həyata keçməsinə gətirib çıxartdı. Bu müddətdə yük daşımalarına qoyulan məhdudiyyətlər aradan qaldırıldı, ilk dəfə olaraq Ermənistana neft məhsullarının ixracına başlanıldı, ticarət dialoqu açıq şəkildə formalaşdı. Bu, 30 illik gərginlikdən sonra böyük qələbədir, döyüş meydanından masa arxasına keçmək deməkdir. Vaşinqtondakı razılaşmadan öncə son danışıq raundunun məhz Əbu-Dabidə keçirilməsi də təsadüfi deyildi. Bu fakt BƏƏ-nin Azərbaycana yalnız dost kimi deyil, həm də qlobal miqyasda dəyərini artıran tərəfdaş kimi baxmasına dəlalət edir.
Cənab Prezident çıxışında müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı ilk dəfə davamlı sülh şəraitində yaşamağı öyrənir deməsi emosional cəhətdən ən çox təsirləndirən cümlə oldu. “Biz heç vaxt sülh şəraitində yaşamamışıq və bunu öyrənirik” deməsi isə ölkə başçısının səmimi etirafı ilə yanaşı xalqın yaşadığı tarixi dönüşün ifadəsidir.
Dünya müstəvisində Azərbaycanın artan nüfuzu, sülhün yeni geosiyasi dəyəri bütün dünya üçün bir örnəkdir. Bu gün bütün qütblərdə Azərbaycana yaranan maraq getdikcə artır. Bu gün Azərbaycan enerji siyasətində etibarlı tərəfdaş, sülh siyasətində məsuliyyətli güc, regionda sabitliyə töhfə verən dövlət, inkişaf modelinə sahib ölkə kimi tanınır. Əbu-Dabidə təqdim olunan mükafat bütün bu reallıqların diplomatik təsdiqidir. Bu mükafat gələcəyin konturunu çəkərək yeni dövrün başlanğıcı olmaqla yanaşı Azərbaycanın keçmişə verdiyi hesab, bu günə göstərdiyi iradə və gələcəyə yönəltdiyi baxışdır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

