Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan ali təhsil sistemi üçün əhəmiyyətli addım atılıb. Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.Sənədin imzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar iştirak ediblər. Memorandumu Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal rəsmiləşdiriblər.Mərasimdə çıxış edən YÖK sədri Erol Özvar Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Qarabağ Universiteti region üçün yeni bilik və innovasiya mərkəzinə çevrilir və İstanbul Texniki Universitetinin təcrübəsi bu prosesə ciddi töhfə verəcək.
Nazir Emin Əmrullayev isə imzalanan sənədi iki qardaş ölkə arasında elm və təhsil sahəsində münasibətlərin yeni mərhələsi kimi dəyərləndirib. O vurğulayıb ki, Qarabağ Universiteti təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının gələcək elmi platformalarından biri olacaq və İTÜ ilə əməkdaşlıq universitetin beynəlxalq mövqeyini gücləndirəcək.Razılaşmaya əsasən tərəflər bakalavriat və magistratura səviyyələrində tələbə və müəllim mübadiləsi aparacaq, birgə elmi-tədqiqat layihələri həyata keçirəcək, ikili diplom proqramları hazırlayacaq və Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün müasir laboratoriyaların birgə qurulmasını təmin edəcəklər.Bundan başqa, elmi material və informasiya mübadiləsi, eləcə də innovasiya yönümlü tədris modellərinin tətbiqi də əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.
Mütəxəssislərin fikrincə, bu saziş Qarabağ Universitetinin qısa müddətdə regionun aparıcı ali təhsil mərkəzlərindən birinə çevrilməsi üçün mühüm imkanlar açacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

