Dünən Qarabağ komandası bizə böyük bir sevinc yaşatdı. Oyunun 4-cü dəqiqəsində hesabı açdılar, əlavə olunan 4 dəqiqənin 4-cü dəqiqəsində isə qələbə qolunu vurub oyunu bağladılar. Baxanda insan istər-istəməz kövrəlir. Bu, artıq sadə bir təsadüf kimi görünmür.44 rəqəmi sanki Qarabağın taleyinə yazılıb. Necə ki Qarabağ savaşında 44 günə Zəfər qazandıq, dünən də meydanda eyni əzm və iradə göründü. Hər qol, hər müdafiə və hər hücum oyunçuların yorulmaz mübarizəsinin nəticəsi idi. Hakimin haqsızlıqları və dünyanın ən güclü komandasına qarşı mübarizə aparmağına baxmayaraq, komandamız əzmkarlığını qorudu və qələbəni qazandı.
Bu sevinc və qürur şəhidlərimizin və qazilərimizin 44 gündə bizə bəxş etdiyi Zəfərin verdiyi motivasiya sayəsindədir. Onların göstərdiyi iradə və fədakarlıq oyunçularımıza meydanda da qalib gəlmək üçün ilham verdi.
Qarabağ Azərbaycandır və həmişə qalib olacaq! Bu adın, bu torpağın və bu ruhun içində həmişə qələbə var.
Tural Qoca
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

