SOCAR-ın Karbamid zavodu 2025-ci ildə Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal Mayak” (Global Lighthouse Network) Şəbəkəsinə üzv seçilib və eyni zamanda Forumun “Rəqəmsal Mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb. Mükafat 19 yanvar 2025-ci il tarixində SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edilib.Mikayıl Cabbarov vurğulayıb ki, bu nailiyyət zavodda istehsalatın rəqəmsallaşdırılması, qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. O bildirib: “SOCAR Karbamid Azərbaycanda bu təltifə layiq görülən ilk müəssisədir, SOCAR isə dünyada üç “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir”.SOCAR-ın prezidenti Rövşən Nəcəf isə əlavə edib ki, “Rəqəmsal Mayak” mükafatını qazanmaq və “Qlobal Mayak” Şəbəkəsinə üzv olmaq şirkətin transformasiya strategiyasının təzahürüdür. Bu, rəqəmsal texnologiyalar, qabaqcıl avtomatlaşdırma və əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə səmərəliliyi artırmaq və ətraf mühitə təsiri azaltmaq deməkdir.
Son üç ildə həyata keçirilən sistemli transformasiya nəticəsində Karbamid zavodu sənaye 4.0 texnologiyalarını tətbiq edərək “ağıllı” zavod modelini yaradıb. Zavodda 42 rəqəmsal və süni intellekt əsaslı həll tətbiq olunub, məhsuldarlıq 21%, təbii qazdan istifadə səmərəliliyi 24% artıb, karbon emissiyaları 19%, proses tullantıları 72% və planlaşdırılmamış dayanma müddəti 82% azalıb. Eyni zamanda, əməkdaşların 70%-i yeni bacarıqlara yiyələnib.Qeyd edək ki, “SOCAR Karbamid” Azərbaycanda bu nailiyyəti qazanan ilk zavod və dünyada bu mükafatı əldə etmiş ilk gübrə zavodudur. Bundan əvvəl “Petkim” neft-kimya kompleksi və “Star” neft emalı zavoduna “Digital Lighthouse Award” təqdim olunmuşdu.“Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını uğurla tətbiq edən müəssisələri birləşdirən beynəlxalq platformadır və üzv şirkətlərə təcrübə mübadiləsi, yeni əməkdaşlıqlar və innovativ layihələr üçün geniş imkanlar yaradır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

