Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev dövlət mülkiyyətində olan müəssisələrin maliyyə fəaliyyətinə nəzarəti gücləndirən yeni qaydaları təsdiqləyib. İmzalanan Fərman dövlətin payının nəzarət zərfinə malik olduğu hüquqi şəxslərin və publik hüquqi şəxslərin büdcə planlaşdırılması, gəlir-xərc icrası və mənfəət bölgüsü sahəsində vahid yanaşmanın formalaşdırılmasını nəzərdə tutur.
Yeni sənədə əsasən, dövlət müəssisələrinin illik və ortamüddətli büdcə layihələri, maliyyə proqnozları və smetalarının icrası davamlı monitorinqə cəlb ediləcək, əldə olunan nəticələr mütəmadi təhlil olunacaq. Bununla dövlət maliyyəsinin daha şəffaf və səmərəli idarə edilməsi, həmçinin mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi hədəflənir.
Qaydalar dövlət müəssisələrinin mənfəət siyasətinə də dəyişiklik gətirir. Belə ki, bu qurumlar əldə etdikləri xalis mənfəətin azı 30 faizini dövlət büdcəsinə dividend şəklində ödəməli olacaqlar.
Eyni zamanda, 2026-cı il aprelin 1-dən başlayaraq dövlət müəssisələri büdcə göstəricilərini və beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlanmış hesabatlarını Maliyyə Nazirliyinə təqdim edəcək. Nazirlik isə bu məlumatlar əsasında illik və ortamüddətli büdcələrin icrasını qiymətləndirəcək və 2026-cı ildən etibarən rüblük hesabatlarla Prezidentə məlumat verəcək.
Fərmana əsasən, əvvəlki illərə aid maliyyə hesabatları və 2026-cı il üçün təsdiqlənmiş büdcələr də 2026-cı il aprelin 30-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir. Qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

