Dinin tərkib hissəsi kimi qələmə verilən, ancaq mövhumat, xurafat və bidət olan əməllər

1. Məşhur din öndərlərinə aid edilən daş, qaya, dağ və digər təbiət abidələrinin ziyarəti və həmin abidələrdən mədəd umulması. Turizm səfərləri istisnadır.

2. Övliya, seyid hesab olunan şəxslərin ziyarətinin İslam qaydalarına deyil, bütpərəstlik və məcusi inancına uyğun ziyarət edilməsi. Qəbirləri Kəbə kimi təvaf etmək, qənd yapışdırmaq, zəncirə şal atmaq, deşik qayanın ortasından sürünüb keçmək, məzara sürünərək getmək, qəbirlərin ətrafını qurbangaha, namazgaha çevirmək və sair…

3. Ən asası isə ziyarət əsnasında məzardakı şəxsin savab qazanmasını deyil, yalnız öz maddi maraqlarını düşünərək Allahdan yox, qəbirdən mədəd ummaq yaxud qəbirdəkini Qadir olan Allaha müavin, müşavir, köməkçi qərar vermək.

4. İnsan vəfat edərkən, dəfn olunarkən süni və qurama şəkildə ağlaşma, mərsiyyə məclisi düzəltmək. Bunlar cahiliyyə dövrünün adətləridir.

5. Ələm düzəltmək, onunla nəzir yığmaq, guya uçduğunu iddia etmək.

6. Cənazəni dəfnə apararkən arxasıyca daş tullamaq.

7. Meyitin üstünə Quran nüsxəsi qoymaq.

8. Yasdan qayıdarkən guya bədbəxtlik gəlməsin deyə əvvəlcə ayaqyoluna girməyin lazım olduğuna inanmaq.

9. Qəbri torpaqlayarkən bel və kürəyi əldən ələ verməyib yerə atmaq.

10. Qəbrin içinə düşüb ölü üçün ərəbcə uzun-uzadı təlqin oxumaq.

11. Ölü üçün 3, 7, 40, 52, “cümə axşamları” adı verilən məclislər təşkil edib qonaqlıq vermək.

12. Salavatın Peyğəmbər üçün salam deyil, başqa ölülər üçün olduğuna inanaraq pul qarşılığında salavat satmaq.

13. “Yasin” satmaq, Quran oxumağı alver və qazanc mənbəyinə çevirmək.

14. Bahalı və böyük qəbir daşları qoymaq.

15. Quran nüsxələrini oxumadan maşından, evdən, idarədən, dükandan asaraq bu əməllə bərəkət və təhlükələrdən nicat ummaq. Quranı dustaq saxlamaq.

16. Məhərrəm ayının yalnız matəm ayı olduğunu bəyan etmək.

17. Məhərrəm ayında Əhli Beyti tanıtmaq əvəzinə onların adı ilə nəzir, ianə toplayıb siyasi şüarlarla onları dünya məramı üçün istifadə etmək.

18. Peyğəmbərin Əhli Beytinin adlarını dükanlara, alver mərkəzlərinə, restoranlara vermək.

19. Zəncir vurmaq, baş yarmaq, çılpaq bədəni kəsici alətlərlə kəsmək, ictimaiyyətdə bu kimi əməllərlə din barədə mənfi imic formalaşdırmaq, dində əsası olmayan qurama rəvayətlər əsasında mərsiyyə, nohə, şüarlar səsləndirib dinin mahiyyətini yalnız qan, qisas, bədbinlik ruhunda təqdim etmək.

20. Peyğəmbər və İmamlara, Əhli-Beyt mənsublarına dinə müxalif olan mövlud və matəm günləri təşkil edərək onların adı yazılmış tortlar kəsmək, əcaib mahnılar oxumaq, şamlar yandırmaq və sair xurafatlar icra etmək.

21. Məsciddən, ziyarətgahlardan arxa-arxaya çıxmaq.

22. Qəbir üstündə şam yandırmaq, qəbri bəzəmək.

23. “Qara bayram” adı verilən xüsusi günlərdə qəbirlərin üstünə meyvə, şirniyyat, konfet tökmək.

24. Vəfat edən adama görə 40 gün saqqal saxlamaq.

25. Toy və digər mərasimlərdə insanları Quran müshəfinin altından keçirmək.

26. Qola qara parça bağlamaq.

27. 1 fevralın guya “Hicab günü” olmasına inanmaq və bunu qeyd etmək.

28. Heç bir düzəliş etmədən üzüm salxımı kimi həddən artıq uzun saçaqlı saqqal saxlamaq. Bunu da dinə aid etməklə İslamı geridəqalmışlıq ənənəsi kimi əcaib göstərərək insanları dindən qaçırmaq.

Tural İrfan
Dinşünas

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir