Sabiq millət vəkili,təhsil eksperti Etibar Əliyev Ramiz Mehdiyev barədə geniş və kəskin açıqlama paylaşıb. O, Ramiz Mehdiyevi “birmənalı olaraq düşmən” adlandıraraq onun əməllərinin məhkəmə tərəfindən dəqiq təsnifləndirildiyini bildirib.
Etibar Əliyevin paylaşımında qeyd olunur ki, Mehdiyev ölkənin tanınmış alimlərini, hüquqşünaslarını, siyasətçilərini və yazıçılarını özünü tərifləyən videolar çəkməyə məcbur edib, onları təhdid altında saxlayıb. Onun sözlərinə görə, həmin videolarda Mehdiyevin yubileyi ilə bağlı heç bir ifadə yer almasa da, görüntülər onun vəsf edilməsinə xidmət edirmiş.

Etibar Əliyev yazır ki, videolarda iki əsas xətt hiss olunur: Mehdiyevin “nəhəng dövlət-ictimai xadim” kimi təqdim edilməsi və “misilsiz xidmətlərə malik filosof” kimi qələmə verilməsi. Eks deputatın fikrincə, Mehdiyevin hakimiyyət iddiası bu davranışlardan açıq görünür.
O, Ramiz Mehdiyevin kurasiya etdiyi bütün sahələrdə geriləmə yaşandığını, intriqaların cəmiyyətdə etimadı azaltdığını, AMEA-ya rəhbərlik etdiyi dövrdə isə elmi mühitin dağıdıldığını qeyd edib. COVID-19 pandemiyası zamanı qanunlara məhəl qoymaması və nəvəsinə toy etməsi də Etibar Əliyevin tənqid hədəfindədir.
Eks deputat iddia edir ki, Mehdiyev uzun illər dövlətdən qisas almağa çalışıb, Milli Ensiklopediyanın nəşrinə əngəllər yaradıb, ziyalıları dövlətdən narazı salmağa cəhd edib. O, həmçinin Mehdiyevin 44 günlük Vətən Müharibəsi Zəfərini qəbul etmədiyini və radikal müxalifətlə əlaqələrinin üzə çıxdığını vurğulayıb.
Etibar Əliyev bildirir ki, Azərbaycanın bərpa və dirçəliş dövründə hakimiyyət uğrunda aparılan çirkin mübarizə “rəzalət, alçaqlıq və çuğulluq” adlandırılmalıdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

