Roma Papası 14-cü Leonun Türkiyəyə səfəri və İznikdə ayin icra etməsi əlamətdar tarixi hadisədir. Xüsusən də bu, Vatikan dövlət başçısının rəhbər seçildikdən sonra ilk xarici səfəridir. Papanın Sultan Əhməd Camisi də daxil bir sıra əhəmiyyətli məkanları ziyarət edərək yüksək ehtiram nümayiş etdirməsi, habelə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşü, bir sıra müzakirələrin aparılması hesab edirəm ki, dünyanın yeni nizamı üçün önəmli, müsbət hadisələrin başlanğıcıdır.
Bu görüşün həm siyasi həm də dini yönü var. Müəyyən mənada hər ikisinin uzlaşdığı, çulğalaşdığı ortaq nöqtələr var. Vatikanın dövlət başçısı həm də ən böyük xristian təriqəti olan Katoliklərin dini lideridir. Keçmiş Roma İmperiyasının önəmli dini məkanlarını, dəyərlərini özündə yaşadan, qoruyub saxlayan Türkiyə xristian dünyası üçün həmişə diqqət mərkəzindədir. Zamanla müxtəlif dövrlərdə Roma Papaları İstanbulu, məşhur Ayasofiya Kilsə-Məscidini ziyarət edib, birgə dualar ediblər. Bu dəfə isə Roma İmperiyası zamanında xristian aləmi üçün mühüm qərarın qəbul edildiyi məkan – İznik ziyarətlər sırasında oldu. 325-ci ildə Roma imperatoru 1-ci Konstantin tərəfindən çağırılmış Birinci Nikeya Kilsə Məclisi xristianlığın ən mühüm hadisələrindən biri kimi məhz bu məkanda tarixə düşüb. Müqəddəs Neofit bazilikasında baş tutmuş məclisin qərarı ilə xristianlığın ortaq inanc əsasları qəbul edilib. Həm də bu il, İznikdə keçirilmiş Birinci Nikeya Kilsə Məclisinin 1700-cü ildönümüdür. Belə bir əlamətdar tarixi hadisənin il dönümündə Roma Papasının Türkiyəyə səfəri, ayinlərin, rəsmi görüşlərin baş tutması, kilsə və məscid ziyarətləri təkcə Türkiyə – Roma arasında deyil, ümumiyyətlə xristian və müsəlman aləmi arasında yeni siyasi, mənəvi, mədəni körpünün salınması deməkdir. Papa ilə Ərdoğan arasındakı söhbətdə Fələstin məsələsinin də müzakirə olunması ortaq problemlərin ortaq çözümünün də vacibliyini bir daha aktuallaşdırır.
Xristian və müsəlman ölkələri arasında siyasi münasibətlərlə yanaşı mədəni, mənəvi, dini münasibətlərin də inkişafı vacibdir. Çünki sülh və tolerantlıq şəraitində yaşamaq, yaşatmaq hər iki dinin də əsas prinsiplərindəndir. Müsəlman aləminin aparıcı gücü sayılan Türkiyə və onun lideri ilə xristian aləminin dini öndərinin belə bir əhəmiyyətli məkanda görüşü dünya üçün pozitiv nəticələr vəd edir. Ermənistanla Azərbaycan və Türkiyə arasında gedən sülh prosesinin uğurla davam etməsi, Ermənistanda məscidlərin tikilməsinə qərar verilməsi, ABŞ-nin Fələstin məsələsi də daxil olmaqla mühüm münaqişələrin həlli uğrunda əhəmiyyətli addımlar atması, Rusiya – Ukrayna müharibəsinin bitməsi naminə birgə səylərin göstərilməsi gələcək üçün xristian – müsəlman birliyinin dünyaya birgə sülh gətirəcəyinin anonsunu verir. Bu mövzularda Türkiyə və Vatikanın əvəzsiz rolu danılmazdır. Həmçinin Azərbaycan ilə Vatikan arasındakı yüksək əlaqələr bu kimi müsbət gəlişmələrin inkişafında mühüm rol oynayır.
Papanın Türkiyəyə məhz bu səfərinin bütün dünya üçün müsbət nəticələr verəcəyinə inanıram.
Tural İRFAN
Teopolitoloq
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

