İmam Həsən əleyhissəlam buyurur: “Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.” İslam dini israfçılıq həddinə çatmamaq şərti ilə səxavət göstərməyi əmr edir. Səxavət, istəyənə, ehtiyacı olana istədiyi qədər yaxud ondan artığını verməkdir. Lakin kərəm isə İmam Müctəba buyurduğu kimi ağız açılmamış edilən yaxşılıqdır. Ən böyük kərəm sahibi Allahdır. Çünki kafir, mömin, irq, millət fərqi qoymadan öz bəndələrinə ruzi kərəm edir. Onu inkar edənə də, küfr edənə də, şükr edənə də əta edir. Bu, Uca Yaradanın kərəmidir.
Hatəm Ət Tai İslamdan əvvəl yaşamış, xristian dininə mənsub olan ən səxavətli və kərəmli insan idi. Hər gün süfrəsi açıq idi. Hər kəsə yemək verirdi, özü də mümkün olduğu qədər özü qulluq edirdi. Onun adı hələ də dillərdə dastandır. Peyğəmbər və onun Əhli Beyti də böyük kərəm sahibi idi. Səxavət isə onların adəti idi. O qədər kərəmli idilər ki, yəni, ehtiyacı olanlara onlar ağız açmamış kömək edirdilər.
İmam Həsən və İmam Hüseynin dəfələrlə bütün varını iki yerə bölüb tən yarısını kasıblara payladığı haqda tarixdə faktlar var. İmam Zeynalabdinin gecələr üzünü bağlayıb kasıb ailələrin qapısına yardım kisəsi daşıdığını onun vəfatından sonra kürəyindəki kəndir izlərindən bilmişdilər.
İmam Əlinin hətta namazda belə üzüyünü sədəqə verməsi haqda Quran ayəsinin olduğu məlumdur. “İnsan” surəsində Əli ailəsinin özünün ac olduğu halda yeməyini əsirə, yetim və yesirə ikram etməsi Allah tərəfindən təqdir olunub. Mənbələrə görə oruc tutmuşdular. İftar açmaq üçün cüzi təam əldə etdilər. Qəfil qapı döyüldü və nimdaş geyimli bir şəxs əsirlikdən azad olduğunu, yeməyə heç nəyinin olmadığını bildirdi. Əhli Beyt dərhal iftar yeməklərini həmin şəxsə verdilər. Yenidən oruca niyyət edib sabahı bir də iftar üçün bir qədər qida tapdılar. Süfrəyə əyləşən zaman bir şəxs yetişib yetim olduğunu, aclıqdan taqəti qalmadığını ifadə etdi. Peyğəmbər Əhli Beyti bu dəfə də iftar yeməyini o yetimə verdi. Sabahı yenə eyni hal təkrar oldu, bu dəfə də qidalarını miskinə əta etdilər.
Bundan sonra “İnsan” surəsinin bu ayələri nazil oldu:
“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin bir gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
Və onları etdikləri səbir müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. (“İnsan” surəsi – 9-12)
Böyük Mötəzilə mütəfəkkiri və müfəssiri Carullah Zəməxşəri bu ayələrin təfsirində belə yazır: İbni Abbas nəql etmişdir: Bir gün Həsən və Hüseyn əleyhiməssəlam xəstələnmişdilər. Peyğəmbəri sallallahu əleyhi və alihi və səlləm bir dəstə müsəlman ilə оnlara baş çəkməyə gəldi. Həzrət Peyğəmbər Həzrət Әliyə müraciət edərək dedi: “Ey Әbəl Həsən! Uşaqlarının şifa tapması üçün nəzr et.” Həzrət Әli əleyhissəlam bu təklifi qəbul etdi və üstəlik Həzrət Fatimə xidmətçiləri Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün оruc tutmağı nəzr etdilər. Uşaqlar şifa tapıb sağaldılar, lakin о günlərdə Həzrət Әlinin evində iftar etmək üçün ərzaq yоx idi. Оdur ki, gedib Xeybər Yəhudilərindən оlan Şəmun (Şimon) adlı bir nəfərdən üç sa (ölçü vahidi) miqdarında arpa bоrc aldı. Həzrət Fatimə əleyhasəlam оnun üçdən bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər çörək bişirdi. İftar vaxtı çörəkləri süfrəyə qоyub yeməyə hazırlaşdıqları vaxt bir fəqir qapını döyüb evdəkilərə belə dedi: “Sizə salam оlsun, ey Muhəmmədin Әhli Beyti! Mən bir müsəlmanam, fəqirəm, mənə yemək verin. Allah sizi Cənnət süfrələrindən yedizdirsin” . Bu sözləri eşidən Әhli Beyt fədakarlıq, səxavət edib süfrədə оlan çörəklərin hamısını оna verdilər. Özləri isə bir içim su ilə iftar edib gecəni belə keçirdilər. Sabahısı gün ac оlduqları halda yenə оruc tutdular. Axşam iftar etmək üçün süfrə başına yığışmışdılar ki, bir yetim qapıya gəlib yemək istədi. Yenə də süfrədə оlan yeməkləri о yetimə verdilər və özləri ac qaldılar. Üçüncü gün də qapıya bir əsir gəlib yemək istədi və bir daha bu müqəddəs şəxsiyyətlər iftar etmək üçün hazırladıqları yeməklərini о əsirə verdilər. Ertəsi gün həzrət Әli əleyhissəlam оğlanları Həsən və Hüseyn əleyhiməssəlam ilə birlikdə həzrət Peyğəmbərin əleyhissəlamın hüzuruna getdilər. Həzrət Peyğəmbər оnların aclıqdan titrədiklərini görüb buyurdu: “Sizi bu halda görmək mənim üçün çоx ağırdır.” Sоnra оnlarla birlikdə Həzrət Fatimənin evinə getdilər. Həzrət Peyğəmbər gördü ki, qızı Fatimə acından zəifləmiş və gözləri çuxura düşdüyü halda mehrabda ibadət edir. Bu mənzərəni müşahidə edən Peyğəmbər оlduqca narahat оlmuşdu ki, Cəbrail nazil оlub belə vəhy etdi: “Ey Məhəmməd! Allah səni belə bir Әhli Beytin оlduğu üçün təbrik edir.” Sоnra yuxarıda zikr оlunan “İnsan” surəsini Peyğəmbərə nazil etdi.
Buradan aydın olur ki, Əhli Beyt Allahın sınağından üz ağlığı ilə çıxıb mükafatlandırılmışdır. Bunun adı səxavətdir. Özünün ehtiyacı olduğu halda kasıba əta etmək comərdlikdir, cəsarətdir. Nəfsi məğlub etmək cəsarəti.
Əhli Beytin eyni zamanda kərəm sahibi olması məlumdur. Onlar çox zaman onlara ağız açılmadan ikram edirdilər. Sədəqəni, yardımı, yaxşılığı elə edirdilər ki, qarşı tərəfin qüruruna, şəxsiyyətinə toxunmasın, sınmasın. Ona görə çox zaman başqalarının əli ilə yaxud gizli edirdilər.
Onlar bunu özlərinə mərtəbə qazanmaq, axirəti satın almaq üçün etmirdilər. Onsuz da bütün mənbələrdə Əhli Beytin Cənnətlə müjdələndiyi məşhurdur. Onlar bu kərəmi, səxavəti sırf Allah üçün, insanlıq naminə edirdilər. Ən əsası isə nümunə üçün, başqalarının da bu yolu davam etməsi üçün bir iz qoyurdular.
“Quran” da buyurulur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə (infaq etməyincə) əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz”. (“Ali-İmran” – 92)
Əhli Beyt əleyhimussəlam da məhz hər zaman xərcləməkdənsə, səxavət və kəramətdə öndə idi. Gərək müsəlmanlar da bu gün Peyğəmbərin və onun Əhli Beytinin bu ənənəsini yaşatsınlar. Təmənasız, minnətsiz, reklamsız yaxşılıq etsinlər. İman və İmam əhlinin xüsusiyyətlərindən olan bu yolu yaşatmaq hər bir müsəlmanın mənəvi borcudur.
Tural İrfan
Dinşünas – alim
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

