Azərbaycan tarixində əlamətdar hadisələr çoxdur. Belə günlərdən biri də xalqımızın 30 illik yurd həsrətinə son qoyan, Azərbaycanın düşmən üzərində qələbəsini simvolizə edən 8 Noyabr − Zəfər Günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Respublikada Zəfər Günü kimi qeyd edilir.

Builki bayramı özəl edən isə Zəfər Gününün 5 illik yubileyinin qeyd olunmasıdır. Artıq 5 ildir ki, doğma torpaqlarımız təcavüzkar erməni qəsbraklarının işğalından azad olunub, düz 5 ildir ki, şanlı Azərbaycan bayrağı Qarabağ səmasında qürurla dalğalanır.
Bu qələbəni bizə torpaq uğrunda canlarını fəda edən, qanları bahasına zəfər salnaməsi yazan igid əsgərlərimiz bəxş etdilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə Azərbaycan Ordusu dəmir yumruq kimi birləşərək düşmənin illərlə qurduğu sədləri dağıtdı və tariximizdə yeni səhifələr açdı.

2020-ci il 8 noyabr − hər kəs kimi televizor qarşısında əyləşib müharibə bölgəsindən gələn yeni xəbərləri səbirsizliklə gözləyirdim. Bakı vaxtilə saat 13:00 radələrində idi. Və nəhayət, gözlənilən an yetişdi. Bütün yerli telekanallarda Prezident cənab İlham Əliyevin xalqa müraciəti canlı yayımlandı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu xəbəri eşitdiyim an göz yaşlarımı saxlaya bilmədim.

Bütün duyğularım − sevincim də, kədərim də göz yaşlarımın içində toplanmışdı. Sevincli idim, çünki həsrət sona çatmışdı. Kədərli idim, ona görə ki, bu yolda neçə-neçə igid oğullarımız şəhid oldu, neçə ailənin evinə, ocağına od düşdü.

Şuşanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edən əsgərlərimiz elə bir cəsarət nümayiş etdirdilər ki, hər kəs heyrət içərisində idi. Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsinin həlledici mərhələsi oldu. Heç bir texnikanın və tankların keçə bilmədiyi dağ, meşə və qayalıqların arasından 40 kilometrə yaxın məsafəni piyada qət edən xüsusi təyinatlı əsgərlərimiz bıçaq və yüngül silahlarla əlbəyaxa döyüşərək Şuşa şəhərini işğaldan tam azad etdilər.

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan və şəhid olan əsgərlərimizdən biri Neftçala şəhərində doğulan Xəyyam Əzizovdur.

Onun adını xüsusi qeyd etmək istədim. Xəyyam Əzizov öz doğum günüdə − 8 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Bu, bəlkə də təsadüf yox, Tanrının bəxş etdiyi bir şərəfdir.

Neftçalanın igid oğlu Xəyyam doğum günündə azadlıq naminə canını qurban verərək millətimizə qələbə sevincini ərməğan etdi. Onun ömrü zəfər xəbəri ilə tamamlandı.
Xəyyam Əzizov döyüş zamanı ayağından yaralansa da, bölgəni tərk etməkdən imtina edib. Sona qədər irəliləyərək Şuşanın alınması istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Xəyyam Əzizov “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

8 Noyabr xalqımızın tarixdəki ən gur səsi, ən parlaq səhifəsi oldu. Beş il ötüb, amma o sevincin, qürurun, birliyin səsi hələ də qulağımdadır. Bu Zəfərin hər addımında Xəyalın timsalında bütün şəhid oğullarımızın ruhu var. Bu torpaq uğrunda doğulan, döyüşən, şəhid olan hər oğul və onların valideynləri qarşısında baş əyirik. Şanlı Zəfərimiz dirçələn Qarabağda, doğulan uşaqların gülüşündə, yenidən qurulan şəhərlərdə və bütöv Azərbaycan xalqının qəlbində yaşasın.

Zəfər Bayramın mübarək, Azərbaycan!

Leyla Məmmədova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Mətbuat tarixi və publisitika şöbəsinin elmi işçisi

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir