8 avqust 2025-ci il – Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanla, dünyanın siyasi mərkəzi hesab olunan Vaşinqton şəhərində, Amerika Prezidenti Donald Trampın moderatorluğu ilə reallaşan görüşü, milli tariximizdə yeni və mühüm bir mərhələnin bünövrəsini qoydu. Bu tarixi hadisə yalnız bir görüş deyil, gələcək nəsillərin yaddaşında qalacaq dönüş nöqtəsidi. Uğurlu, xeyirli olsun!
Bu görüş, illərdir davam edən qarşıdurmalar, münaqişələr və gərginliklər fonunda, regionumuzda böyük Sülhün bünövrəsini qoydu.
Uzun illər, hətta əsrlər boyu, özünnən qat-qat böyük bir şər, bu torpaqlarda dincliyi, əmin-amanlığı pozmuş, insanların həyatına qara kölgə salmış, şeytani məkrini hər fürsətdə həyata keçirmişdi. Bu barədə məlum həqiqətləri daha da xırdalamaq istəmirəm, amma hər kəs yaxşı bilir ki, tarixin mühüm bir hissəsi gözlərimizin önündə cərəyan etdi.
O şərin törətdikləri nə sözə sığar, nə də hesabda-kitabda yer alar. İndi isə artıq başımızın üzərindəki kabusun çəkilmə vaxtı gəlib. Bu mərhələyə gəlib çatmaq üçün xalqımız ağır yol keçdi – itkilər, qurbanlar, qanlar, qada və iztirablarla dolu bir yol… Amma bütün bunlara baxmayaraq, bu gün ümid işığı görünür. Hər üç ölkənin lideri öz imzasını və adını tarix səhifələrinə əbədi həkk elədi.
Bu görüş, yalnız liderlərin görüşü deyil, həm də xalqımızın sülhə olan inamının, birgə gələcəyə dair arzularının təcəssümüdür. Hər birimiz yaxşı bilirik ki, sülh təkcə sənədlərdə imza atmaqla əldə olunmur; o, əməldə, gündəlik həyatda, qəlblərdə öz yerini tapmalıdır.
Tarix bizə göstərdi ki, sülh ən çətin anlarda belə mümkündür və onun bünövrəsi insan iradəsi, dözüm və qarşılıqlı hörmətlə atılır. Bu gün hər üç ölkənin rəhbərlərinin bir araya gəlməsi, qarşılıqlı anlaşma üçün atılan addımlar, gələcəyin parlaq səhifələrinin yazılması üçün güclü bir zəmin yaradır.
Qarşıda yeni üfüqlər, yeni imkanlar var. İndi birlik və əməkdaşlıq vaxtıdır. Bu yolda üzləşəcəyimiz çətinliklər, keçmişin kölgələri olsa da, inanıram ki, xalqımızın qətiyyəti və liderlərin iradəsi sayəsində hər bir maneə arxada qalacaq.
Bu gün biz yalnız keçmişin ağrılı dərslərini yad etməklə kifayətlənmirik, eyni zamanda gələcəyə ümidlə baxırıq. İnanırıq ki, sülh yolunda atılan hər bir addım, gələcək nəsillərə daha yaxşı bir həyat bəxş edəcək.
Uğurların tükənməz olsun, Azərbaycan! Qarşında hələ də ziqzaqlı yollar var. Ancaq biz inanırıq ki, sən bu yolları hamarlaşdıraraq, bütün təhlükə və xatalardan yan keçəcəksən.
Uzaq gəncliyimdə yazdığım bir şeirdə deyildiyi kimi:
Piyada keçdiyim, ağır yolların,
Əvvəldən bilirdim xatası çoxdu.
Tahir Talıblı
Əməkdar jurnalist
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

