Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Proqramının icrasını dəstəkləyən Yüksəkixtisaslı Miqrant Portalının təqdimat mərasimi keçirilib.
Portal www.pass.gov.az ünvanı ilə fəaliyyət göstərir və “uğur hekayəsi üçün Azərbaycana yolunuz” ifadəsinin ingilis dilində abreviaturasını əks etdirir. Eyni zamanda, “pass” termini miqrasiya sahəsində “keçid” və “icazə” mənasını da ifadə edir. Portal proqram iştirakçılarının müraciətlərini “bir pəncərə” prinsipi əsasında qəbul edir və cavablandırır, işəgötürənlərə isə əcnəbi mütəxəssislərin məlumatlarına çıxış imkanı yaradır. Portal Azərbaycan, türk, rus və ingilis dillərində fəaliyyət göstərir və istifadəçilər Proqramla bağlı suallarını, sorğu və təkliflərini birbaşa Dövlət Miqrasiya Xidmətinə ünvanlaya bilirlər.
Təqdimat mərasimində dövlət orqanlarının, işəgötürənlərin, ölkəmizdə fəaliyyət göstərən şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi, Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurası, İctimai Şura və Miqrant Şurasının üzvləri iştirak ediblər.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş proqramın məqsəd və vəzifələrini açıqlayıb. O bildirib ki, proqram Azərbaycanın yüksəkixtisaslı əcnəbi mütəxəssislər üçün cəlbedici ölkəyə çevrilməsinə, onların ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına dəstək verir.
Vüsal Hüseynov portalın yaradılmasının müraciətlərin idarə olunmasını, məlumatların təhlükəsizliyini və dövlət orqanları arasında inteqrasiyanı daha çevik və şəffaf edəcəyini qeyd edib. Layihənin bilik əsaslı iqtisadiyyatın inkişafına, əmək bazarının ehtiyaclarının ödənilməsinə, eləcə də innovasiya və elmi-texniki potensialın güclənməsinə töhfə verəcəyini vurğulayıb.
Təqdimat zamanı iştirakçılara portalın istifadə qaydaları, müraciət forması və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib, video təlimat nümayiş etdirilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

