Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 31-dən yanvarın 2-dək Azərbaycanda hava şəraiti dəyişkən keçəcək, bir sıra bölgələrdə yağıntı, qar və güclü külək müşahidə olunacaq.
Bakı və Abşeron yarımadasında dekabrın 31-i və yanvarın 1-də hava əsasən yağmursuz olacaq. Cənub-qərb, sonra isə şimal-qərb küləyi 15–18 m/s, arabir 20–23 m/s-dək güclənəcək. Yanvarın 2-də isə arabir yağıntı gözlənilir. Temperatur gecə 0–3°, gündüz 3–10° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında 31-i axşamdan yanvarın 2-si səhərədək arabir yağıntı, qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında yolların buz bağlaması ehtimalı var. Temperatur gecə 6–11° şaxta, gündüz 0–5° isti olacaq.
Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Daşkəsən-Gədəbəy, Quba-Qusar, Şəki-Zaqatala bölgələrində 31-i axşamdan yanvarın 2-dək bəzi yerlərdə qar yağacağı, duman və buzlanma olacağı bildirilir. Dağlıq ərazilərdə gecə 10–15° şaxta müşahidə ediləcək.
Qərb və aran rayonlarında yanvarın 1-i axşamdan 2-si axşamadək bəzi yerlərdə yağış, sulu qar gözlənilir. Temperatur gecə 1–6° şaxta, gündüz 4–10° isti olacaq.
Cənub bölgəsində isə 1-i axşamdan 2-si gündüzədək arabir yağış ehtimal olunur, dağlıq ərazilərdə gecə şaxta müşahidə ediləcək.
Sinoptiklər güclü külək, qar və buzlanma ilə bağlı sürücülərə və əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

