Azərbaycanın ictimai-siyasi həyatında 2025-ci ilin noyabrı xüsusi bir mərhələ kimi yadda qalır. Prezident İlham Əliyevin 12 noyabr tarixində Bakıda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi fikirlər təkcə kadr islahatı ilə məhdudlaşmadı, həm də dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsinin konturlarını müəyyənləşdirdi.

Prezidentin çıxışı bir daha göstərdi ki, müasir dövrdə idarəetmə mədəniyyəti, rəhbərlik məsuliyyəti və ictimai etimad dövlət siyasətinin əsas prioritetinə çevrilib. Prezident İlham Əliyevin çıxışı həm ideoloji, həm də strateji baxımdan Azərbaycanın gələcək idarəçilik sisteminin əsaslarını təsbit edən konseptual bir sənəd təsiri bağışladı. Dövlət başçısı qeyd etdi ki, təyinat alan hər bir rəhbər üçün ən ali meyar xalqa xidmət, dövlətə sədaqət və şəffaf fəaliyyət prinsipləridir. Onun sözlərinə görə, “rəhbər olmaq – böyük məsuliyyət böyük işlər tələb edir”. Bu fikirlər bir tərəfdən Prezidentin idarəçilik fəlsəfəsinin mənəvi-əxlaqi dayaqlarını göstərir, digər tərəfdən isə dövlət aparatında yeni nizam-intizam, hesabatlılıq və şəffaflıq tələbini ortaya qoyur.

Cənab İlham Əliyevin çıxışında diqqətçəkən əsas məqam ondan ibarət idi ki, ölkənin regional idarəetmə modeli artıq sadəcə inzibati mexanizm deyil, eyni zamanda sosial məsuliyyət daşıyan, ictimai etimadı qoruyan struktur olmalıdır.

Dövlət başçısı açıq şəkildə bildirdi ki, hər bir icra başçısı xalqla daim təmasda olmalı, vətəndaşların problemlərini eşitməli və operativ həll yolları tapmalıdır. Prezidentin “Rəhbərlər kabinetlərdə oturmaqla xalqın etimadını qazana bilməzlər” fikri bu istiqamətdə verilən ən aydın mesajlardan biri idi.

Son illərdə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar fonunda bu çıxış növbəti mərhələ kimi dəyərləndirilə bilər. Əgər əvvəlki mərhələdə əsas hədəf iqtisadi və struktur islahatların reallaşdırılması idisə, indi qarşıda duran vəzifə – idarəetmədə keyfiyyətin artırılması, sosial məsuliyyətin gücləndirilməsi və yerlərdə dövlət siyasətinin effektiv icrasının təmin edilməsidir.

Prezidentin təyinat zamanı verdiyi tapşırıqlar, xüsusilə də kadrların yerlərdə məsuliyyətlə işləməsinə, şəffaflığa və xalqa yaxınlığa dair göstərişləri, yeni mərhələnin əsas prioritetlərini müəyyənləşdirdi: “Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”.

12 noyabr qəbulunun ümumi məzmunu göstərdi ki, Prezident İlham Əliyev üçün əsas məqsəd idarəetmədə sabitliyi qorumaqla yanaşı, çevik və şəffaf icra mexanizmlərinin formalaşdırılmasıdır. Bu, həm də dövlətin gələcək inkişaf modeli baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan bu gün artıq postmüharibə dövrünün əsas çağırışlarını geridə qoyaraq, yeni – dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub.

Belə bir mərhələdə hər bir rəhbərin şəxsi məsuliyyəti, təşəbbüskarlığı və peşəkarlığı ümumi dövlət siyasətinin uğuruna çevrilir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb və bundan sonra mərkəzdən heç bir qanunsuz tapşırıq verilməyəcək. “Vaxtilə belə hallar olub və qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi, torpaqların zəbt olunması və əkin-biçin üçün yararlı sahələrdə qanunsuz imarətlərin inşası halları baş vermişdir. Lakin bu gün aparılan sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə belə tapşırıq verərsə, dərhal mənə məlumat verin və həmin şəxslər haqqında ciddi ölçülər götürüləcək”, — deyə Prezident vurğulayıb.

Beləliklə, 12 noyabr qəbulunda Prezident İlham Əliyevin səsləndirdiyi çağırışlar və verdiyi mesajlar bir daha sübut etdi ki, Azərbaycanda həyata keçirilən kadr və idarəetmə siyasəti sistemli, məqsədyönlü və milli maraqlara söykənən bir xətt üzrə davam edir. Bu siyasətin əsas məqsədi — güclü dövlət, vətəndaş rifahı və ədalətli idarəetməni təmin etməkdir.

Hüseynova Samirə Adəm qızı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir