Bizim ölkədə hər şeyin bir qonaqlığı var: Uşaq doğulur – qonaqlıq. Qırxı çıxır – qonaqlıq. Dişi çıxır – qonaqlıq. Məktəbə gedir – qonaqlıq. Bitirir – qonaqlıq. İnstituta daxil olur – qonaqlıq. Diplom alır – qonaqlıq. Əsgərliyə gedir – qonaqlıq. Qayıdır – qonaqlıq. Axırda ölür… və bu dəfə də “ehsan” adı altında böyük plov şöleni keçirilir.
Amma bir sual var: Ölüsü olan adam niyə camaata plov bişirməlidir? Dərd içində olan ailə niyə həm yas saxlamalı, həm də mətbəxdə boşqab yuyub, çay süzüb, yemək paylamalıdır? Ölü yiyəsi ağlasın, yoxsa qonaqların qabağına ət və düyü yığsın?
Yas saat 10-da başlayır, amma qonaqlar adətən günorta – yemək vaxtında gəlir. Fikir vermirsən, bəziləri bəlkə də gələn il yenə eyni plovu yeyəcəkmiş kimi sevinirlər. “Allah rəhmət eləsin” deyib, təxminən 5 dəqiqəyə qalxıb gedirlər. Sanki yas məclisinə yox, restoranın açılışına gəlmişik.
Yas məclisləri matəm yeri deyil, elə bil yarış meydanıdır – kim daha yağlı plov çəkdi, kim daha bahalı şirniyyat gətirdi. Kasıb ailələr borca girir, kredit götürür, təkcə “el içində ayıb olmasın” deyə. Nə dua var, nə təsəlli – hər şey yemək və təqdimat üzərində qurulub.
Və mollalar… Yasda oturub saatlarla İran nağılları danışırlar. Guya camaata ağıl öyrədirlər, amma əslində insanları başqa planetdə yaşadırlar. Hər sual verən kimi mövzunu dəyişir, sanki soruşan insan yox, görünməz hava ilə danışır.
Bu rüsvayçı adəti yığışdırmaq lazımdır. Çünki yas yeməkxana deyil, dərd yeridir. Ən böyük ehsan süfrənin böyüklüyü deyil, deyilən səmimi dua və verilən mənəvi dəstəkdir. Ölənə hörmət – ailəsini qazana, tavaya, borca salmaq deyil. Əks halda bir gün elə olacaq ki, bizim yasımıza da ağlamağa yox, yalnız yeməyə gələcəklər.
Tural Qoca
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin