Yaslarda ehsanın ləğvi ilə bağlı artıq bölgələrimizdə aparılan təbliğat öz müsbət təsirlərini göstərir. Artıq bir neçə rayonda ehsan ləğv edilib. Rayon, kənd ağsaqqallarının tövsiyyəsi ilə, din xadimlərinin maarifləndirməsi ilə əhali israfçı ehsanlara son qoymaqdadır. Şübhəsiz ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin burada böyük əməyi və rolu var. Qeyd edək ki, dinimizdə də yasda ehsan vermək deyə bir göstəriş yoxdur. Əksinə, dində yas sahibinə maddi, mənəvi dəstək vermək nəzərdə tutulur. Yas yeri qonaqlıq, yaxud yemək – içmək yeri deyil. Üstəlik də paytaxtda təmtəraqlı ehsan süfrələri üçün mərasim evlərinin fəaliyyəti, orada toydakı kimi cürbəcür menyuların təklif edilməsi işin ziyanınadır. İnsanlar bu xoşagəlməz adətlərə görə əziyyət çəkirdi, borca, kreditə girir, əlavə problemlərlə qarşılaşırdılar. Ələlxüsus da dinimizdə olmayan bir əməli din adı ilə icra etməklə günah qazanırdılar. Çünki borc və kredit götürərək ehsan vermək doğru deyil. Eyni zamanda insan vəfat etdiyinə görə ona ehsan vermək düzgün deyil, dində yoxdur. Bunun qarşısının alınması həm dini həm də sosial yöndən vacibdir.
Tural İrfan
Teopolitoloq
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin