Hara getsəm, hardan gəlsəm yolum Tiflisdən keçib. Nədən ki, evim, kəndim Tiflis-İrəvan yolunun üstə olub, qarış-qarış gəzişmişəm, yaxşı tanımışam bu şəhəri. Onun vətənpərvərlik, milli mənsubiyyət göstəricisi abidələr hamının nəzərini cəlb etməkdədir və bu məni də çox düşündürüb. Məncə, qapıbir qonşumuz ötüb keçən yüzilliklərdən qalmış hər bir məbədə, yeni yaradılan hər bir abidəyə də əsasən iki tərəfdən diqqətlə yanaşır. Birincisi, ucaldılan abidədə xalqın tarixi, özünəməxsusluğu imkan daxilində bütün etnoqrafik gerçəkliyi ilə görünməli, ikincisi, təsvirin gürcü xalqına məxsus ifadə dili nəzərə çarpmalıdı. Yaradıcılıq baxımından ikinci məsələ daha çətin olduğundan gürcü müəllifləri əsərlərində onu həm dolayı, həm də birbaşa həll etməyə çalışırlar. «Dolayı yol» dedikdə onu nəzərdə tuturam ki, burada abidələrin sərt, plastik formaları hardasa bu xalqın qədim dilinin yalnız özünəməxsus qrammatik qanunauyğunluğu kimi, söz külçəsi şəklində yaşamaqdadır. «Birbaşa yol» deyəndə isə, həmin abidələrin gürcü dilində kitabəsini (yazılı kitabə) –hər bir abidənin tərcümeyi-halının ifadəsini bildirən yazılı izahı nəzərdə tuturam. Deməli hər iki güclü yaradıcılıq amili içərisində həm də müstəqim mənada müəlliflər xalq dilinin möhtəşəm abidəsini yaratmışlar. Daha konkret şəkildə gürcü dilinə abidə isə son vaxtlar ucaldılıb. Abidənin yaranması üçün görkəmli gürcü filosoflarının, ictimai xacimlərinin, klassik söz ustalarının bu dilin zənginliyi və gözəlliyi barədə söylədikləri fikirlər əsas götürülmüşdür. Beləliklə, vətənpərvərliyin, milli mənsubiyyətin ən böyük göstəricisi olan xalqın dilinə də abidə ucaldılıb.
Təəssüf ki, doğma Bakımızda bir sıra abidələrin məhz öz xalqımıza məxsus təsvir dili belə görünmür. Bundan başqa dilimizə soyuq münasibəti idarə, müəssisə adlarını bildirən göstərici xatirə lövhələrində, reklam yazılarında belə görürük. İstər-istəməz böyük sərkərdə və dövlət xadimimiz, klassik şairimiz Şah İsmayıl Xətainin vəsiyyəti yada düşür. «Sizə üç şeyi əmanət qoyub gedirəm: dilimizi, qeyrətimizi və vətənimizi…». Bu ifadələr məgər dilimiz üçün, yaradılacaq hər hansı bir abidə üçün əsas deyilmi? Mən demirəm ki, haqqında söhbət açdığımız gürcü abidəsinin üzünü köçürək… Bir də üzünü köçürmək niyə? Bizim özümüzün də məşhur abidə yaradıcıları var. Eyni mövzuda isə yüzlərlə sənətkar bir-birinə bənzəməyən sənət əsəri yarada bilər. Ancaq, dilimizi belə qabarıqlıqla üzə çəkməyə sanki ehtiyat edirik. Nədən ehtiyat edirik? Bəlkə qorxuruq ki, bizə millətçi deyərlər? Bəs indii təkcə öz xalqından ibarət monorespublika qurmuş başqa xalqlar barədə bunu nə üçün demirlər?
Orta məktəb illərindəki bir müəllimimizin sözü tez-tez yadıma düşür. Deyirdi ki, adam min cür danışığın içindən belə öz doğma səsini eşitməyə qadirdi. Min cür müxtəlif yad musiqi qarışığında öz doğma musiqi ladlarını hiss etdiyin kimi… Çünki, milli mənəviyyatı olan hər bir kəs daxilində gözəgörünməz bir hissiyyatla, genetik bağlılıqla öz səsinə, öz dilinə sarı köklənmiş olur.
Bu fikir «Əsgər atası» filmində dəqiqliklə verilib. Ağır vuruşdan sonra, döyüşçülərin yatdığı səngərdə musiqiçilər çalıb-oxumağa başlayırlar. Gürcü musiqisi qoca Maxaradzeyə qəribə bir sehrlə, onu yuxudan oyatmadan çatır.
«Qayada yatmış idim, top atdılar oyanmadım, söz ilə, söhbət ilə oyatdılar» xalq mahnısında da belədir… Sözün, dilin yükü çiynimizdə doğrudan da böyükdür. Maraqlıdır ki, Azərbaycan filmləri əcnəbi dildə çəkilir və sonra Azərbaycan dilinə dublyac edilir. Lermontov isə Azərbaycan dilini bütün Şərq xalqları üçün «açar» hesab eləyirdi. Bu dildə Nəsimi, Füzuli, Xətai, Vaqif, Aşıq Ələsgər, digər sənətkarlar Səməd Vurğun dünya poeziyasının gözəl nümunələrini yaratmışlar. Cəlil Məmmədquluzadə «Anamın kitabı»nı bütün kitablardan mükəmməl sayırdı. Seyid Əzim Şirvani, Sabir bu dildə təfəkkürün ağlasığmaz dərinliklərinə gedib çatmışdılar.
«Kooperativ «Sevindc» rabotayet… vıxodnoy den və s. kimi lövhələri, yazıları az qala hər addımbaşı görürük. Yaxşı olardı ki, bir sosiaoloci tədqiqat aparılsın, görək bu kooperativ məhsulunun alıcısının neçə faizi qeyri azərbaycanlıdır. Belə tədqiqat metro sərnişinlərinin, fabrik, zavod fəhləsinin, hətta şəhər əhalisinin də milli tərkibini müəyyənləşdirsin.
Bir dəfə mağazaların birində piştaxta üzərində yazılmışdı: «Otdel ne rabotayet». Sinəsi orden-medallı veteran müdirə yaxınlaşıb dedim ki, «dayı, olmazmı öz dilimizdə «şöbə işləmir» kəlməsini yazasız?»
Kişi razılaşdı. Amma nəyisə xatırlayıb əsəbiləşdi.
-Yaxşı söz deyirsən, amma bunu yuxarılarda oturanlara rayonun ağalarına desən daha yaxşı olar, -bildirdi.
Bəlkə, doğrudan da adi bir mağaza elanının hansı dildə yazılması da rayon dairəsində həll edilir… amma buna da inana bilmirəm. Ertəsi gün həmin mağazada «şöbə işləmir» yazmışdılar.
«Deyəsən işlər yavaş-yavaş düzəlir», -deyə özümlə zarafat eləyəsi oldum.
Ticarət şəbəkələrində, alqı-satqı yerlərində kiçik görünsə də belə faktlara tez-tez rast gəlirsən… Qonaqlarımız isə milli xüsusiyyətlərimizi nə qədər çox görsələr, şübhəsiz ki, o qədər çox xoşhal olarlar. İnsan hər səfərdə getdiyi yerin daha çox özünəməxsusluğunu görmək istəyir. Söz yox ki, bizim qonaqlar da bizim vətənimizdə özlərini görmək istəməzlər.
Son vaxtlar mağazalarımızın vitrinlərində, piştaxtalarında ana dilimizdə yazılara, lövhələrə tez-tez təsadüf edilir. Bu az iş deyil. Hərdən dil haqda qərarlar da verilir. Ana dilini qərarla yox, danışmaqla yaşatmaq mümkündü. Ana dilimizin böyüklüyü ondadır ki, bizi bir millət kimi yaşadır.
Tahir Talıblı
«İncəsənət» qəzeti
9 may 1991-ci il
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

