Tanınmış şair, filologiya elmləri doktoru Vüqar Əhməd 36 il əvvəl baş vermiş bir xatirəsini Yenifikir.media ilə bölüşüb. Həmin xatirəni təqdim edirik:

1989-cu ildə “Yeni Fikir” qəzetinin baş redaktoru mərhum Taleh Həmid idi. Ondan sonra bu vəzifəni Tahir Talıblı icra etdi. Fürsətdən istifadə edib, Tahir Talıblını Milli Mətbuatın 150 illiyi ərəfəsində Cənab Prezident tərəfindən Prezidentin Fəxri Diplomu ilə təltif olunması münasibətilə təbrik edirəm.

Günlərin birində rəhmətlik Müşfiq Cabiroğlu (Cabir Novruzun oğlu) mənə zəng vurub bildirdi ki, Taleh Həmid və Tahir Talıblı səninlə danışmaq istəyir. O zaman aspiranturada oxuyurdum, mətbuatda məqalə və şeirlərim dərc olunurdu. İmzam isə “Vüqar Əhmədov” idi. Sən demə, soyadımda “-ov” sonluğuna görə məni axtarırlarmış. Dedilər ki, gəl səni “Əhməd” kimi dərc edək. Mən də düşündükdən sonra razılaşdım. Yarım saatdan sonra redaksiyaya zəng etdim. Tahir Talıblı cavab verdi ki, qəzet artıq çapa gedib, səni Vüqar Əhməd kimi dərc etmişik.

O dövrdə “Yeni Fikir” qəzetinin nüfuzu çox yüksək idi. Hətta Qorbaçovun siyasətinə və xəyanətlərinə qarşı cəsarətli yazılar dərc olunurdu. Bu məqalələrdə onun həyat yoldaşı Raisa Qorbaçovanın da adı çəkilirdi. Qorbaçovun erməni köməkçisi Şahnazaryan ona demişdi ki, Bakıda “Yeni Fikir”  səni sərt tənqid edir. Həmin Şahnazaryan Azərbaycan dilini bilirdi və mətbuatımızı da yaxından izləyirdi. Deyilənə görə, o illərdə ermənilər Raisa Qorbaçovaya çox bahalı  brilyant hədiyyə etmişdi.(Biraz da siyasi ekskursiya etdik – gülür.)

Soyadımı “Əhməd” formasına salmağım çox yerində oldu. Atamın əmisi – Azərbaycanın teatr sənətində dəyərli simalardan biri, Milli Dram Teatrının ilk baş rejissoru, direktoru, dramaturq, əməkdar artist və əmək qəhrəmanı Bilal Əhməd idi. Digər nəsil nümayəndələrimiz – Mahmud Əhməd, ulu babam Sultan Əhməd. Mən də soy-kökümə qayıdaraq “Əhməd” oldum. Bilal Əhməd repressiyaya məruz qalmış, işdən çıxarılmış və Gəncə həbsxanasında dünyasını dəyişmişdi. Daha sonra qardaşım Mövsüm də soyadını Əhməd etdi. Övladlarım da Əhmədlidir. Necə deyərlər, Taleh Həmidlə Tahir Talıblı məni “-ov”, “-yev” sonluğundan azad edib, türkləşdirdilər.

Bugünlərdə Tahir Talıblının təsisçisi və baş redaktoru olduğu Yenifikir.media saytının Medianın İnkişafı Agentliyində reyestr qeydiyyatına alınması məni çox sevindirdi. Bu münasibətlə Tahir Talıblını və onun kollektivini təbrik edir, yeni fəaliyyətlərində uğurlar arzulayıram.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir