Son vaxtlar marketlərdə tez-tez rast gəlinən hallar alıcıların haqlı narazılığına səbəb olur. Belə ki, vitrində göstərilən qiymət kassada çox vaxt başqa cür hesablanır. Bəzən alıcı bunun fərqində olur, çox vaxt isə diqqətdən yayınır və aldadılır. İrad bildirən alıcı isə market əməkdaşları tərəfindən sözün əsl mənasında yola verilir: “üzrlü sayın, qiymət səhv düşüb” və ya “əvvəl endirimdə idi, indi bu qiymətdir” kimi cavablarla məsələ ört-basdır edilir. Təbii ki, nəticədə zərəri alıcı çəkir. Axı, alıcı vitrində gördüyü qiyməti nəzərə alaraq cibinə uyğun seçim edir, yəni ayağını yorğanına görə uzadır və məhsulu səbətinə əlavə edir.
Məsələn, bu yaxınlarda marketlərin birindən bir neçə məhsul aldım. Vitrində qatığın qiyməti 2.65 manat, digər bir məhsul isə 5.39 manatdan endirimlə 3.18 manata göstərilmişdi. Lakin alış-verişdən sonra təqdim olunan çekdə qatıq 4.20 manata, digər məhsul isə endirimsiz — 5.39 manata hesablanmışdı. Satıcıya iradımı bildirəndə isə dərhal cavab verildi ki, “vitrində qiymət səhv düşüb”. Halbuki burada heç bir texniki səhvdən söhbət gedə bilməzdi. Bu cür halların qarşısını almaq üçün istehlakçılara tövsiyə olunur ki, alış-veriş zamanı vitrindəki qiymətləri telefona qeyd etsinlər və kassada ödəniş zamanı müqayisə etsinlər.
Əslində bu, sırf texniki problem deyil, bir çox hallarda bazar siyasətinə və marketinq üsullarına bağlıdır. Marketlər tez-tez “endirim” adı altında alıcıların diqqətini cəlb edir, lakin kassada fərqli qiymət tətbiq olunur. Bu, müəyyən psixoloji təsir mexanizmidir: alıcı məhsulu səbətinə qoyduqdan sonra kassada baha qiymətlə rastlaşsa belə, çox vaxt geri qaytarmaqdan çəkinir və almağa məcbur olur.
Marketinqdə bu hal “psixoloji alış effekti” kimi tanınır. Alıcı vitrində gördüyü ucuz qiymətə inanaraq seçim edir, kassada fərqli məbləğlə üzləşəndə isə çox vaxt etiraz etmədən ödəniş edir. Bu isə həm etik, həm də hüquqi baxımdan mübahisəli bir məsələdir.
İstehlakçı hüquqları nə deyir?
Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu açıq şəkildə bildirir ki, vitrində göstərilən qiymət əsas götürülməlidir. Yəni məhsul üzərində və ya vitrində hansı qiymət yazılıbsa, satıcı həmin qiymətlə məhsulu təqdim etməyə borcludur. Əks halda bu, alıcının aldanması deməkdir və istehlakçının hüququnun pozulması sayılır.
İstehlakçı hüquqları qanunla aşağıdakıları təmin edir:
Məhsulun qiyməti və keyfiyyəti barədə düzgün məlumat almaq hüququ.
Aldadıcı reklam və ya yalan endirimlərdən qorunmaq hüququ.
Vitrində göstərilən qiymətlə alış-veriş etmək hüququ.
Zərər çəkdikdə kompensasiya tələb etmək hüququ.
Bu baxımdan, alıcılar yalnız mağazada irad bildirməklə kifayətlənməməli, həm də İqtisadiyyat Nazirliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Çünki qanun alıcının tərəfindədir və satıcı belə hallara görə məsuliyyət daşıyır.
İqtisadi cəhətdən yanaşdıqda isə belə üsullar sağlam rəqabət mühitini zədələyir. Çünki dürüstlük prinsipinə əməl edən digər mağazalar müştəri itkisi yaşayır. Halbuki alıcıların inamını qazanmaq uzunmüddətli iqtisadi uğurun əsas şərtidir. Əks halda, insanlar həmin şəbəkələrdən alış-veriş etməməyə başlayır, bu isə marketlər üçün ciddi imic itkisinə səbəb olur.
Odur ki, marketlər qısamüddətli qazanc əldə etmək üçün alıcını aldatmaq əvəzinə, şəffaf qiymət siyasəti yürütməli, uzunmüddətli müştəri loyallığını qazanmağa çalışmalıdırlar. Eyni zamanda, dövlət qurumları istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarəti gücləndirməli, ictimai maarifləndirmə işləri aparmalıdır. Əks halda, bu cür “qiymət oyunu” həm istehlakçıların cibinə, həm də ümumilikdə bazar mühitinin sağlamlığına zərər vuracaq.
Səidə
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin