İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi və sosial sığorta qanunvericiliyinə edilmiş son dəyişikliklərlə bağlı sahibkarların ictimai birlikləri, sahə assosiasiyaları, palatalar, auditor və konsaltinq şirkətlərinin nümayəndələri üçün məlumatlandırıcı tədbir keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının təmsilçiləri və iqtisadiyyat üzrə ekspertlər də iştirak ediblər.Təqdimat zamanı Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, həyata keçirilən islahatlar iqtisadi artımın sürətləndirilməsinə, investisiya mühitinin yaxşılaşdırılmasına, sahibkarlığın təşviqinə və “kölgə iqtisadiyyatı”nın həcminin azaldılmasına yönəlib. Onun sözlərinə görə, sahibkarlıq subyektləri tərəfindən irəli sürülmüş 170 təklifdən 103-ü son illərdə qanunvericiliyə edilən dəyişikliklərdə nəzərə alınıb.

Qeyd olunub ki, son dəyişikliklər əsasən üç istiqaməti əhatə edir: investisiya və sahibkarlığın stimullaşdırılması, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsi. Bu dəyişikliklər vergi yükünün optimallaşdırılmasına və vergi ödəyiciləri ilə daha səmərəli əməkdaşlığın qurulmasına xidmət edəcək.

Tədbir çərçivəsində geniş təqdimatla çıxış edən baş idarə rəisinin müavini Əvəz Quliyev 2026-cı ildən Naxçıvan Muxtar Respublikasında işğaldan azad edilmiş ərazilərlə eyni vergi rejiminin tətbiqinin nəzərdə tutulduğunu bildirib. Həmçinin fərdi sahibkarlar üçün sosial sığorta yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı, gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sahələr üzrə vergi güzəştlərinin tətbiqi planlaşdırılır.

Məlumata görə, nağdsız ödənişlərin təşviqi məqsədilə pərakəndə ticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız dövriyyə limiti 400 min manata çatdırılacaq, bu dövriyyənin yalnız 50 faizi ƏDV qeydiyyatı üçün əsas götürüləcək. Eyni zamanda muzdlu işdən əldə edilən gəlirlər üzrə vergi yükünün azaldılması da nəzərdə tutulur.

Bununla yanaşı, orta və iri vergi ödəyiciləri ilə münasibətlərin daha şəffaf qurulması üçün elektron audit mexanizminin ləğv edilərək üfüqi monitorinq sisteminin tətbiqi planlaşdırılır. Qanunvericilikdə bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi, eləcə də fiziki şəxslərin kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi də əksini tapıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təklif olunan dəyişikliklərin iqtisadiyyata gözlənilən təsirləri ətrafında geniş müzakirələr aparılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir