Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh istiqamətində mühüm sənədin imzalanacağı gözlənilir. Bu yüksək səviyyəli görüş ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və vasitəçiliyi ilə Vaşinqtonda keçiriləcək. Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi təsdiqlənib.

Danışıqların əsas məqsədi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün hüquqi-siyasi əsasların yaradılmasıdır. Görüş ərəfəsində ABŞ Prezidenti Donald Trampın sülh sənədinin imzalanacağı ilə bağlı sosial şəbəkədə verdiyi açıqlama bu prosesə beynəlxalq diqqəti daha da artırıb. Ekspertlər bu sənədin yekun sülh müqaviləsi olmasa da, tərəflər arasında niyyətin rəsmiləşdirilməsi və ya sülh layihəsinin paraflanması kimi mühüm bir addım ola biləcəyini qeyd edirlər.

Məsələ ilə bağlı tanınmış politoloq Elşad MirBəşir yenifikir.media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sülhün təşviqi baxımından tarixi əhəmiyyət daşıyır.

Onun fikrincə, ABŞ-da keçiriləcək bu görüş Azərbaycan–ABŞ münasibətlərində yeni bir səhifənin açılmasına təkan verəcək. Xüsusilə əvvəlki – Bayden administrasiyası dövründə münasibətlərdə mövcud olmuş gərginlik fonunda, Tramp administrasiyasının daha konstruktiv yanaşması bu səfəri ön plana çıxarır.

Politoloq hesab edir ki, görüşdə müzakirə olunacaq əsas məsələ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və uzunmüddətli sülhün təmin olunmasıdır. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki əsas şərt isə dəyişməz olaraq qalır:

1. Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir;

2. ATƏT-in Minsk qrupunun buraxılması üçün birgə müraciət edilməlidir.

Hazırda yayılan məlumatlara əsasən, Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması ilə bağlı razılıq əldə olunması gözlənilir. Ermənistanın konstitusiyasında dəyişiklik edəcəyi isə hələlik sual altındadır.

Elşad MirBəşir vurğulayır ki, bu prosesdə Azərbaycan Prezidentinin lider rolu, eləcə də Ordumuzun yaratdığı yeni geosiyasi reallıqlar sülh gündəliyinin əsas təməlini təşkil edir. Azərbaycanın irəli sürdüyü bu gündəlik artıq məntiqi nəticəyə yaxınlaşır və sülh yalnız ədalətli şərtlər əsasında təmin olunmalıdır.

Bundan əlavə, Vaşinqtonda müzakirə ediləcək əsas mövzulardan biri də regionda kommunikasiyaların açılmasıdır. Azərbaycan bu istiqamətdə daim səmimi və təşəbbüskar mövqe nümayiş etdirib. Regional nəqliyyat dəhlizlərinin, iqtisadi əməkdaşlıq layihələrinin reallaşması ölkəmizin prioritet istiqamətlərindəndir.

Görüşün mümkün nəticələrinə toxunan politoloq bildirir ki, Vaşinqtonda imzalanacaq hər hansı sənəd Azərbaycanın siyasi uğuru kimi tarixə düşəcək. Bu, həm də Azərbaycanın bölgədə gedən prosesləri öz maraqları çərçivəsində yönləndirməyə qadir olduğunu bir daha sübut edəcək.

Cənubi Qafqazda uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından bu görüş olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi hər zaman sülhə hazır olduğunu və Ermənistanla münasibətlərin normallaşdırılmasına konstruktiv şəkildə yanaşdığını nümayiş etdirib.

Əgər Ermənistan da eyni iradəni göstərərsə, regionda real sülhə nail olmaq mümkündür. Lakin unudulmamalıdır ki, bu tarixi fürsəti yaradan, sülh prosesini başladan və bu istiqamətdə konkret nəticələrə yönəlik addımlar atan tərəf məhz Azərbaycan Prezidentidir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir