“2020-ci il Vətən müharibəsindən sonra Cənubi Qafqazda cərəyan edən siyasi proseslər regionun gələcək inkişafı ilə bağlı tarixi bir mərhələ formalaşdırıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi ilə 30 ilə yaxın davam etmiş münaqişə başa çatıb – artıq, yeni mərhələdə müzakirə predmeti münasibətlərin normallaşması, sülhün imzalanmasıdır. Bu istiqamətdə isə artıq illərdir ki, fərqli aspektlərdən işlər aparılır. İlk dövrlərdə fərqli vasitəçilərin iştirakı ilə keçirilən görüşlər, danışıqlar minimum effektlə müşayət olunurdusa, təmaslarıün ikitərəli formata keçidi ilə proses dinamizm qazanıb”.
Bu fikirləri “yenifikir.media”ya açıqlamasında siyasi şərhçi, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Pərviz Sadayoğlu deyib. O bildirib ki, münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün həm geostrateji, həm geoiqtisadi, həm də geosiyasi mənada yeni üfiqlər açır. “Nəzərə alsaq ki, artıq bir neçə aydır dünyada yeni siyasi nizamın formalaşdırılması istiqamətində aktiv prosesləri müşahidə edirik, Cənubi Qafqazda əbədi sülhün yaranması qütblərarası iqtisadi münasibətlərdə yeni bir cığır aça bilər. Şərq-Qərb kontenti üzrə ticari münasibətlərin ən vacib geocoğrafi nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq”, deyən siyasi şərhçi bildirib ki, son dövrlərdə Azərbaycanın apardığı effektiv siyasi xətt bütün dünyada yüksək dəyərləndirilir. Xüsusilə, yeni dönəmdə ABŞ-Azərbaycan münasibətləri diqqət çəkir – iki ölkənin rəhbərliyi arasında vacib və səmərəli dialoq mühiti inkişaf etdirilir.
Prezident Trampın dövlət başçısı seçilməsinin ardından yeni bir trayektoriya qazanan ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir – rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir: “Prezident Trampın son 8 ayda Bakıya ünvanladığı məktublarda bu məqam xüsusi yer alır – əlaqələri daha da gücləndirmək. Bu isə onu deməyə əsas verir ki, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur. Beləliklə, Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından, həm də əməkdaşlıq, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır. Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər”.
P.Sadayoğlu bildirib ki, Vaşinqtonda gözlənilən görüş Əbu-Dabi görüşündə əldə edilən tarixi razılaşmaların davamı, hətta finalı və ya finala yaxın mərhələsi də sayıla blilər. Çünki Əbu-Dabi görüşünün nəticəsi olaraq ortaya çıxan ən mühüm tezis bundan ibarət idi ki, Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranması ilə bağlı fəaliyyətini uğurla davam etdirir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyurdu. İndiki məqamda Prezident Trampın iki ölkə arasında təmasın yaranmasmüına yaratdığı şərait də bu mənada yüksək dəyərləndirilməlidir. ABŞ-ın səyləri anlaşılandır – bu gün əsas geostrateji məkanlardan sayılan Cənubi Qafqazda sabitliyin formalaşması Tramp adminstrasiyası üçün də olduqca vacibdir: “Vaşinqtonda planlaşdırılan görüş yeni bir dövrün, yeni bir mərhələnin astanasında dayandığımızı təsdiqləyir. İrəvanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoyması bu prosesin müsbət dinamikasını artıracaq. Başqa sözlə, artıq ləngimək olmaz – ilk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, bölgənin daha konservativ inkişafı üçün töhfə verməlidir. İrəvan anlamalıdır ki, Azərbaycan bütövlükdə, Cənubi Qafqazın prosesdən uğurla və həm siyasi, həm də iqtisadi dividend qazanaraq çıxması üçün çalışır. Vaşinqton görüşü məzmun və mahiyyət baxımından yeni, tarixi bir mərhələ formalaşdıra bilər – bu, bütövlükdə, dövlətlərarası münasibətlərin normallaşması istiqamətində tərtib olunan hədəflər üzrə danışıqların müsbət məcrasına yeni bir yön verəcək”.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin