Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair – publisist Gülsənəm Cəlilinin Vətən şəhidlərinə həsr edilmiş “Vətən demək mən özüməm” kitabı işıq üzü görüb. Kitabın redaktoru şair Güləmail Murad, ön söz yazarı Tural İrfandır. Vətənpərvərlik mövzusunda yazılmış əsərlərə yeni rəng qatan əsərə yazdığım Ön sözü təqdim edərək müəllifə bir daha uğurlar arzulayıram.

Odlar yurdu Azərbaycanın şeir – sənət ocağı Qazax mahalı dünya şöhrətli şairlər, yazıçılar yetirməklə yanaşı vətənpərvər ziyalılar, elm adamları, qəhrəmanlar da yetirib. Vətən, xalq, dövlət yolunda canından – qanından keçmiş mərd oğulları ad qazanıb, iz qoyub, qəhrəman, şəhid namı ilə dillərdə əzbər olub. Bu mahal öz tarixi, keçmişi, yetirmələri, istedadlı insanları ilə öyünüb, qürurlanıb. Buna tam haqqı da var. Çünki Ulu Öndər Heydər Əliyev demişdir: “Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!”

Bu kəlamla demək olar ki, Qazax rayonuna ən böyük dəyəri, qiyməti Ümumilli liderimiz vermişdir. Müasir ədəbiyyatımızda öz dəsti-xətti, öz ilhamı ilə seçilən şair, publisist Gülsənəm Cəlili yazmış olduğu bu kitabda Qazaxın qədim oymaqlarından olan Dəmirçilər kəndi haqqında, bu obada iz qoymuş nəsil şəcərəsi, babaları barədə dolğun məlumatları qələmə alıb, nəzmə çəkib. Eyni zamanda Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin həyat və döyüş yoluna işıq tutub, pak ruhlarının ilahi dərgaha pərvazlanmasını tarixə köçürüb…

Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülsənəm Cəlili öz şeir dünyasında el, oba məhəbbəti, saflıq, düzlük, vətənpərvərliyin tərənnümünə yer verməklə yanaşı tarixi gerçəklikləri, yaşanan həqiqətləri, qürur mənbəyimiz olan şəhidlərimizin xatirəsini də uca tutur.

Sınaqlardan çıxmış qələmi bu qayğılar dünyasında sükunət tapmır, yenə də eldən, obadan, qəhrəman babalardan, şəhid nəvələrdən yazır-yaradır, gələcək nəsillərə zəruri bir irs qoyur.

Gülsənəm Cəlili elimizə, obamıza, xalqımıza zəhmətkeş insanlar, ziyalılar, həkimlər, müəllimlər yetirmiş bir ocağın ilhamlı şair qızıdır. Eyni zamanda öz səxavəti ilə nəinki mahalda, ölkədə, hətta Türk dünyasında iz qoymuş bir nəslin, öz mülkünü Qazax seminariyasının yerləşməsi üçün təmənnasız peşkəş edən Məşədi İbrahim evinin, aşıq-şair Sadə Çobanın gəlinidir.

Dərin mədəni-mənəvi irsi özündə yaşadan ziyalı bir tayfanın övladı kimi Gülsənəm Cəlili həzin ilhamı, istedadı, yaradıcılıq bacarığı ilə yanaşı yüksək insani keyfiyyətləri özündə cəm etmiş əsl Azərbaycan qadınıdır. Onda Xirşidbanu Natəvanın ədəbiyyat, mədəniyyət, incəsənət, poeziya vurğunluğu ilə yanaşı Şahnigar Rəncurun irfanı, həlimliyi, ruh zənginliyi vəhdət təşkil edir.

Uzun illərdir yazıb yaradan, Vətənə, xalqa, elə – obaya mənəvi, ədəbi töhfə verən, öz qəlbinin nəcib duyğularını böyük ürəklə kağıza köçürən Gülsənəm Cəlilinin bu kitabının oxucuların stolüstü kitabına çevriləcəyinə inanıram. Aktual və ehtiyac duyulan mövzulara müraciət edən yazarın bu əsərinin öz müstəsna məziyyətləri ilə ədəbiyyatımızda layiqli yerini tutacağına inanıram.Ona yaradıcılığında uğurlar arzulayıram!

Tural İRFAN

Şair – publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir