Son illərdə uşaqların inkişafına təsir edən bir sıra yeni çağırışlar meydana çıxıb. İnternet oyunları, sosial şəbəkələr və nəzarətsiz rəqəmsal məzmun bəzən uşaqların psixoloji durumuna mənfi təsir göstərə bilir. Buna görə də, valideynlərin və məktəbin bu sahədə daha çox maariflənməsinə və birgə nəzarət mexanizmlərinin qurulmasına ehtiyac var.Bəzi zərərli oyunlar və internetdakı təhlükəli trendlər uşaqlara mənfi istiqamətdə təsir edə bildiyindən, bu mövzuda profilaktik tədbirlərin görülməsi, uşaqların internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırılması vacibdir.
Eyni zamanda, elektron siqaret və digər zərərli vərdişlərin yeniyetmələr arasında yayılması narahatlıq doğurur. Bu məsələ həm hüquqi nəzarət, həm də maarifləndirmə baxımından diqqət tələb edir.
Təhsil sistemində olan müəyyən çatışmazlıqlar — xüsusilə məktəb və hazırlıq kursları arasında yaranmış paralellik — uşaqların öyrənmə motivasiyasına təsir edir. Məktəblərdə daha sərt nizam-intizam, məsuliyyət və yüksək tələblərin tətbiqi təhsilin effektivliyini artırmağa kömək edə bilər. Hazırlıq kurslarında mövcud olan diqqət, nəzarət və tələbkarlığın bəzi elementlərini məktəb mühitinə də gətirmək mümkündür.
Sosial şəbəkələrdə şiddət, pozucu davranış və keyfiyyətsiz məzmunun qarşısını almaq üçün filtr və nəzarət sistemlərinin gücləndirilməsi məqsədəuyğun olar. Uşaqların telefona, şəbəkələrə və təsirlərə nəzarətsiz şəkildə məruz qalması onların həm təhsilinə, həm də psixoloji sağlamlığına mənfi təsir edə bilir.
Cəmiyyətdə iqtisadi çətinliklər ucbatından bir çox yeniyetmənin erkən yaşlardan işləməsi də müşahidə olunur. Bu isə onların həm fiziki, həm də mənəvi cəhətdən yüklənməsinə səbəb olur. Belə halların minimuma endirilməsi üçün sosial dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir.
Təhsil sisteminin bütün pillələri — bağçadan universitetə qədər — ardıcıl şəkildə modernləşdirilməlidir. Valideyn, müəllim və məktəb bir-birini günahlandırmaq əvəzinə problemin həllinə birgə yanaşmalıdır. Təhsilin keyfiyyətinin artırılması yalnız dövlətin və ya yalnız məktəbin işi deyil — bu, ümumi məsuliyyətdir.
Tural İrfan
Politoloq
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

