Son vaxtlar valideynlər arasında uşaqların danışıq inkişafında gecikmələrə dair narahatlıqlar artmaqdadır. Bu problem müxtəlif səbəblərlə bağlı ola bilər: genetik faktorlar, uşağın eşitmə problemləri, erkən yaşda sosial ünsiyyətin məhdud olması və ya nitq inkişafını təşviq edən stimulların yetərsizliyi.
Defektoloq Nərmin Kəngərli bildirir ki, uşaqlarda danışığın gecikməsi təkcə irsi və ya psixoloji səbəblərlə əlaqəli deyil. Sosial mühit və bioloji faktorlar da mühüm rol oynayır. Nitq və danışıq bacarıqları uşağın sosial, psixoloji və intellektual inkişafında əhəmiyyətlidir. Lakin bəzi hallarda danışığın gecikməsi müşahidə olunur və səbəblərin vaxtında müəyyən edilməsi uşağın inkişafı üçün çox önəmlidir.
İrsi (genetik) faktorlar:
Ailədə danışıq gecikməsi, kəkələmə və ya digər nitq qüsurları varsa, uşağın da eyni halları yaşama ehtimalı artır. Genetik meyllilik uşağın danışıq inkişafında vacib rol oynayır.
Bioloji və nevroloji faktorlar:
Doğuş zamanı travmalar
Beyin zədələri və ya sinir sisteminin zəif fəaliyyəti
Eşitmə pozuntuları (məsələn, orta qulaq iltihabı və ya qismən eşitmə itkisi) Bu faktorlar uşağın səsi qəbul etməsini və düzgün danışıq bacarığını inkişaf etdirməsini çətinləşdirir.
Psixoloji faktorlar:
Güclü qorxu, stress, ailədaxili gərginlik və emosional travmalar uşağın nitqinin ləngiməsinə səbəb ola bilər. Belə hallarda uşaq özünü ifadə etməkdə çətinlik çəkir və bəzən danışmaqdan qaçır.
Sosial faktorlar:
Sosial mühit uşağın danışıq bacarığının inkişafında böyük rol oynayır. Uşaqla kifayət qədər danışılmaması, nağıl oxunmaması, oyun və ünsiyyətin azlığı nitq inkişafını ləngidir. Bundan əlavə, telefon, televizor və planşet qarşısında çox vaxt keçirmək də dil bacarıqlarının zəif inkişafına səbəb ola bilər.
İnkişaf pozuntuları:
Bəzi hallarda danışıq gecikməsi ümumi inkişaf ləngiməsi və ya digər pozuntularla bağlı olur:
Autizm spektr pozuntusu
Zəif intellektual inkişaf
Ümumi inkişaf geriliyi
Belə hallarda mütləq mütəxəssis müdaxiləsi tələb olunur. Uşağın danışıq bacarıqları vaxtında dəstəklənərsə, həm nitqi, həm də ümumi inkişafı daha sağlam və uğurlu olacaqdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin