Bu günlərdə Bakıda bal yarmarkası keçirilir. Azərbaycanın müxtəlif bölgələrindən olan arıçılar yarmarkada iştirak edərək öz məhsullarının satışını təşkil edirlər. Onlardan biri də arıçılıqla uzun illərdir məşğul olan Taleh Vəliyevdir. O, Goranboy rayonunda yaşasa da, arı təsərrüfatı Gədəbəy rayonunda yerləşir. Arıçılıq Vəliyev ailəsində nəsildən-nəsilə ötürülən bir peşədir.

Yenifikir.media-ya müsahibəsində Taleh Vəliyev bildirib ki, arı ailələrinin sağlam saxlanılması və təbii balın istehsalı üçün əsas amil təbiətin özüdür. Onun sözlərinə görə, arılara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir, bütün proses təbii üsullarla həyata keçirilir.

“Bizim əsas məqsədimiz insanlara saf, qatqısız bal təqdim etməkdir. Arı ailələrinin yerləşdiyi ərazi dağlıq və ekoloji baxımdan təmiz olduğuna görə məhsulun keyfiyyəti də yüksək olur,” – deyə Taleh Vəliyev vurğulayıb.
O əlavə edib ki, bu kimi yarmarkalar arıçıların təcrübə mübadiləsi aparması və istehsal olunan məhsulları birbaşa alıcılara təqdim etməsi baxımından böyük əhəmiyyət daşıyır.

Taleh Vəliyev təmiz balın hazırlanma qaydasından da danışıb. Onun sözlərinə görə, təmiz balın sirri arıların saxlandığı mühitdə və onların yediyi qidalardan asılıdır.
“Əgər arı təbiətdəki çiçəklərdən, dağ bitkilərindən nektar toplayırsa, o zaman alınan bal da tam təbii olur. Biz arılara heç vaxt şəkər məhlulu və ya süni yem vermirik. Qış aylarında belə, arıların öz topladıqları baldan istifadə etmələrinə şərait yaradırıq,” – deyə o bildirib.
Taleh Vəliyev vurğulayıb ki, təmiz balın rəngi və dadı təbiətə bağlıdır: hansı çiçəklərdən nektar toplanıbsa, bal da o bitkilərin qoxusunu və dadını daşıyır. O, həmçinin qeyd edib ki, saf balın istehsalı üçün arıçının səbrli, diqqətli və təbiətə hörmətlə yanaşması vacibdir.
“Bal yalnız məhsul deyil, həm də zəhmətin, sədaqətin və təbiətə sevgimizin nəticəsidir,” – deyə Taleh Vəliyev sözlərini tamamlayıb.
Səidə Vəliyeva
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

