Oktyabrın 7-də Qəbələdə Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşü baş tutub. Azərbaycan və dünya mətbuatının gündəmində geniş müzakirələrə səbəb olan Zirvə görüşü barədə müstəqil ekspert, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu Yenifikir.media-nın suallarını cavablandırıb.
– Prezident İlham Əliyev çıxışında bildirdi ki, “Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.” Sizcə bu fikrin arxasında hansı əsas məqamlar dayanır?
– Cənab Prezident İlham Əliyevin bu fikri təkcə diplomatik bir bəyanat deyil, həm də hazırda müşahidə etdiyimiz geosiyasi proseslərin dəqiq və strateji təhlilidir. Türk Dövlətləri Təşkilatı son illərdə keçmiş mədəni əməkdaşlıq çərçivəsini aşaraq artıq siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində sistemli və praktiki əməkdaşlıq müstəvisinə keçib. Bu da onu regional və qlobal siyasətdə ciddi aktora çevirir.
– Təşkilatın bu qədər güclənməsinə səbəb olan əsas amillər hansılardır?
– Bir neçə əsas faktor var:
1. Üzv ölkələr Avrasiya məkanında mühüm nəqliyyat və enerji marşrutlarının üzərində yerləşir. Orta Dəhliz kimi layihələr Asiya ilə Avropa arasında alternativ və sabit yol kimi TDT ölkələrinə marağı artırır.
2. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrin enerji ehtiyatları və onların Avropaya nəqlində TDT çərçivəsində əməkdaşlıq olduqca vacibdir.
3. Tarix, dil və mədəniyyət birliyi təşkilata ideoloji güc verir. Bu sadəcə iqtisadi maraqlar üzərində qurulmuş birlikdən fərqli olaraq daha davamlı və uzunmüddətli tərəfdaşlıq üçün zəmin yaradır.
– Azərbaycanın bu təşkilatda rolu necə qiymətləndirilə bilər?
– Azərbaycanın rolu olduqca mühümdür. Prezident İlham Əliyev həm təşkilat daxilində, həm də beynəlxalq arenada TDT-nin nüfuzunun artması üçün ciddi siyasi iradə ortaya qoyub. Xüsusilə, 2020-ci il Vətən Müharibəsindən sonra türk dövlətlərinin Azərbaycana verdiyi dəstək və Qarabağın azadlığı ilə bağlı birlik nümayişi təşkilat daxilində həmrəyliyin gücləndiyini göstərdi.
– Geosiyasi güc mərkəzi kimi TDT-nin gələcək perspektivlərini necə görürsünüz?
– Təşkilatın gələcəkdə daha da güclənməsi üçün təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq iqtisadi məkanın yaradılması, birgə enerji, nəqliyyat və rəqəmsal layihələrin təşviqi, təhsil, elm və gənclərlə iş sahəsində proqramların həyata keçirilməsi kiki konkret istiqamətlər artıq müəyyən olunub.
– Sonda, Prezident İlham Əliyevin bu prosesdə liderlik rolunu necə xarakterizə edərdiniz?
– Prezident İlham Əliyev həm qlobal diplomatiyada, həm də regional birliklərin möhkəmlənməsində prinsipial və strateji lider obrazını formalaşdırıb. TDT-nin institusional inkişafı, təşkilatın beynəlxalq nüfuzunun artması, üzv ölkələr arasında siyasi dialoqun güclənməsi məhz onun siyasi uzaqgörənliyi və təşəbbüsləri sayəsində mümkün olub. Azərbaycanın bu təşkilatda mühüm lokomotiv rolu da məhz Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir.
– Təşəkkür edirik.
– Mən təşəkkür edirəm. Türk dövlətlərinin birliyi həm regionumuz, həm də dünya üçün sabitlik və inkişaf vəd edir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin