Toy — xalqımızın ən gözəl adətlərindən biridir. Hər kəs ailəsində bu xoş günü görməyi arzulayır. Təki həmişə toy olsun! Amma məsələ ondadır ki, toya getmək üçün həm də cibdə pul olmalıdır.

Artıq əksər insanlar ay ərzində bir neçə toy mərasiminə qatılmaq məcburiyyətində qalır. Bu isə ailə büdcəsinə ciddi təsir göstərir, bəzən isə tamamilə büdrəməsinə səbəb olur. Xüsusilə nəzərə alsaq ki, toy mərasimlərində müəyyən məbləğ yazdırmaq adət halını alıb, vəziyyət daha da çətinləşir.

İqtisadi baxımdan toyların yaratdığı əlavə xərclər, süfrələrin həddən artıq israfla hazırlanması və dəbdəbənin artması artıq cəmiyyəti ciddi narahat edir. İnsanlar bir tərəfdən ailə büdcəsini qorumağa çalışır, digər tərəfdən isə ənənənin tələbini yerinə yetirməyə məcbur qalırlar.

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, Sosioloq Elçin Bayramlı məsələ ilə bağlı yenifikir.media-ya açıqlamasında bildirib ki, toy mərasimləri getdikcə öz məcrasından çıxır:

“İfratçılıq son həddə çatıb: həddən artıq israfçılıq, dəbdəbə və xərclər ciddi problemə çevrilib. Bu, həm toy sahiblərinə, həm evlənənlərə, həm də qonaqlara əlavə yük yaradır. Şadlıq evləri və restoranlar bu vəziyyətdən istifadə edərək böyük biznes şəbəkəsi qurub. Ortada milyardlarla manatlıq dövriyyə var və buna görə də hər dəfə yeni ‘hoqqabazlıqlar’ ortaya çıxır. ‘Toyda filankəs mütləq gəlməlidir, filan şey mütləq olmalıdır’ kimi tələblər də bu zəncirin bir hissəsidir”.

Mütəxəssisin sözlərinə görə, nəticədə ailələr toy etmək üçün kredit götürür, sələmə girir və ağır borc altında qalırlar. Qonaqlar da azı 100 manat yazmağa məcbur olur. Halbuki bu məbləğ bir çox insanlar üçün əlçatan deyil. Minimum əməkhaqqının 400 manat olduğu ölkədə, bir ailəyə bir ayda 3–5 dəvətnamə gələndə vəziyyətin ağırlığı daha da aydın görünür. Beləliklə, bir şəxs bütün əməkhaqqını yalnız toylara xərcləmək məcburiyyətində qalır.

Ən acınacaqlısı isə odur ki, toyda yazılan pullar əksər hallarda yeni qurulan ailəyə çatmır. Halbuki, bu vəsait gənc ailəyə dəstək məqsədi daşımalıdır. Bugünkü toy sistemi isə bir növ soyğunçuluğa çevrilib – gənclər dəstək görmək əvəzinə borc və kredit yükü altında qalır. Bu isə həm ailədaxili narazılıqlar yaradır, həm də nikahların azalmasına gətirib çıxarır.

Elçin Bayramlının fikrincə, problemin həlli yalnız maarifləndirmə ilə mümkün deyil:

 “Yeganə çıxış yolu inzibati müdaxilədir. Dövlət konkret qanun və qərarlarla toy mərasimlərinə minimal standartlar müəyyən etməlidir. Sivil ölkələrdə olduğu kimi, bizdə də toylar sadə süfrə, musiqi və məhdud sayda qonaqla keçirilməlidir. Əks halda bu vəziyyət həm insanlar, həm də bütövlükdə cəmiyyət üçün ağır maddi nəticələr doğuracaq”.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir