Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkmənbaşı şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan–Gürcüstan münasibətləri son illərdə daha da möhkəmlənib və hər iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu barədə deputat Bəhruz Məhərrəmov Yenifikir.media -ya danışıb. O bildirib ki, məlumdur, müstəqillik qazandıqdan sonra, kiçik bir dövr istisna olmaqla, Azərbaycan–Gürcüstan münasibətləri mehriban qonşuluq əlaqələrinə əsaslanıb. Ümummilli Liderin neft strategiyası ilə isə Tiflislə münasibətlərimizdə fərqli bir mərhələ başlayıb.

Cənab İlham Əliyevin neft-qaz və nəqliyyat-kommunikasiya sahələrində reallaşdırdığı layihələrdən, o cümlədən Gürcüstan iqtisadiyyatına qoyulan ciddi investisiyalardan sonra Azərbaycan bu ölkənin müasir tarixində taleyüklü rola malik dövlətə çevrilib. Tiflis üçün artıq Bakı yalnız cənub-şərq qonşusu deyil, eyni zamanda etibarlı və strateji tərəfdaşa çevrilib.

Bu münasibətlərin əsasını təşkil edən mühüm amil isə Azərbaycan hakimiyyətinin Gürcüstana münasibətdə dürüst və ədalətli davranışıdır. Eyni zamanda, istər beynəlxalq müstəvidə, istərsə də regional səviyyədə, Gürcüstan da Azərbaycana, onun ərazi bütövlüyünə və haqq mübarizəsinə ədalətli mövqe sərgiləmiş, mehriban qonşuluq çərçivəsində davranmışdır.

Bu gün müşahidə olunan mənzərə isə artıq münasibətlərin yeni bir müstəviyə keçdiyini göstərir. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri tamamilə yeni xarakter alaraq müttəfiqlik səviyyəsinə yüksəlib.

Həmçinin görünməkdədir ki, bu əlaqələrin siyasi əhəmiyyəti artıq iki ölkə hüdudları ilə məhdudlaşmır, Tiflis–Bakı müttəfiqliyi həm region, həm də bütövlükdə Avropa üçün önəm qazanmağa başlayır. Xüsusən dünyada enerjiyə tələbatın artdığı bir zamanda ölkələr arasında əlaqələr hər iki ölkənin milli maraqlarını birgə təmin etməsinə imkan verir. 

Məhz Cənab İlham Əliyevin həyata keçirdiyi şaxələndirilmiş enerji siyasətində vacib həlqələrdən biri kimi çıxış edən Gürcüstan bu layihələr çərçivəsində Avropa üçün ayrıca önəm qazandığının fərqindədir.

Sevindirici haldır ki, Tiflis bu məsələdə Bakının həlledici, dostcasına və hər iki ölkənin maraqlarına uyğun rolunu həm dərk edir, həm də əməkdaşlığın dərinləşməsinin faydalı olduğunu anlayır. Eyni zamanda Gürcüstan Azərbaycanın sülh təşəbbüsləri fonunda daha sabit bir bölgənin daha faydalı bir mühit yaradacağına inanaraq Bakının mövqeyini bölüşür.

Əlbəttə, dialoq və əməkdaşlıq mühitinə, bölgədə isə tezliklə sülhün bərqərar olunmasına çalışan Azərbaycan Prezidentinin bu məsələyə yanaşması kifayət qədər korrektdir – “Əgər Ermənistan buna hazırdırsa, Azərbaycan da hazırdır”. Təbii ki, dialoq mühitinin genişlənməsi və Cənubi Qafqazda daimi sülhün təmin olunması bütün region üçün faydalı olacaq.

Bu məsələdə xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, proseslər məhz Bakının arzu etdiyi istiqamətdə inkişaf edir. Bu mənada Gürcüstanın da eyni mövqeyi bölüşərək prinsipial mövqe sərgiləməsi, heç şübhəsiz ki, Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Azərbaycan Respublikasının Prezidentinin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılmış və dövlət başçısının ali icra orqanı olan Nazirlər Kabineti, həmçinin şəxsən cənab Baş nazir səviyyəsində Gürcüstanla təmaslar müvafiq əməkdaşlıq mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Türkmənistana səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Cənab Əli Əsədovun Gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşü məhz Cənab İlham Əliyevin əsas təşəbbüskarı olduğu Azərbaycan–Gürcüstan münasibətlərində dövlət başçımızın müəyyən etdiyi strategiya çərçivəsində həyata keçirilən uğurlu bir addımdır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir