Yenifikir.media tanınmış şair Elməddin Nicatın şeirlərini təqdim edir : 

Salxım söyüd

Bir salxım söyüd üşüyür,

Ağzının içində yazın.

Saçlarını salıb Kürə

Yolub tökür uzun-uzun…

Bir salxım söyüd üşüyür,

Yel atıb üzdən duvağın. 

Nəfəsi donub çinarın,

Həniri gəlmir qovağın. 

Bir salxım söyüd darıxır,

Burnunda tutur həsrəti. 

Nəsə bu darıxanların,

Üzəcək məni xiffəti. 

Bir salxım söyüd üşüyür,

Günahı yazın boynuna. 

Tanrı tənha üşüyəni,

Ta yazma Kürün qoynuna…

***

Sənə ürək qızdırıram

Tutuşub oda pərvanə

Dolanır çırağın üstə. 

Sənə ürək qızdırıram,

Qoymuşam ocağın üstə. 

Bir qərib bəxt var ovcumda,

Yaxın gəl sənə açım da…

Bir-iki tel ver saçından 

Qalıbsa darağın üstə. 

Hanı ömrünün ağ şamı

Bu tale sənə oxşamır. 

Gözlərin bahar axşamı

Şeh salıb yanağın üstə. 

Ömürdü sürdük boşuna

Gəlmədik bəxtin xoşuna. 

Bəxtəvər xalın başına

Kef çəkir dodağın üstə. 

***

Mənim də Tanrımın…

Tanrı, bu dəlini özün inandır,

Mənim də Tanrımın sən olduğuna!

Qəlbimin sevginlə möhürləndiyi,

Könlümün lütfünlə gen olduğuna.

Adın var bu EŞQİN uca yerində,

Ruhum varlığını qucar dərindən. 

Tutmusan dünyanı öz məhvərində,

Sahibsən adının min olduğuna…

Dəli sevdalınam dolannam gendən,

Mən üzü göylərə bir himə bəndəm. 

Min ildir şeytana daş atır bəndən

Özün inandırır din olduğuna.

***

Nə gözəl bəxtin var…

Göz yaşın yudumu yenə,

Bozarmış üzünün odun. 

İndi necə darıxırsan

Hər sözdən darıxan qadın!..

Baş alırmı dərd içindən

Dönürmü ulayan qurda…

Bəlkə də heç xəbərin yox

Dərdin məni didir burda…

Könlümdə sevgi sarayın,

Gözümdə şahlıq taxtın var.  

Kimi belə sevdilər ki?!

Sənin nə gözəl bəxtin var…

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir