Bu gün təhsil sahəsində ciddi problemlər müşahidə olunur. Bizim üçün müəllim xüsusi hörmətlə yanaşılan bir şəxsiyyət idi. Müəllim həm bilik verirdi, həm də tərbiyə ilə məşğul olurdu. Cəmiyyətdə böyük-kiçik qaydası qorunur, balans saxlanılırdı. İndi amma müəllimə olan hörmət xeyli dəyişdi. Bizim gördüyümüz müəllimlər də sözün düzü yoxdur.
Birinci sinifə gedən uşaq bütün bilikləri məktəbdə, sinifdə müəllimdən öyrənirdi. Heç kim təsəvvür belə etmirdi ki, ibtidai sinif müəllimi valideynə “uşağınız zəifdir, hazırlığa gəlməlidir” desin.
Məktəbə gələn 6-7 yaşlı uşaq müəllimdən öyrənmək, onun izahı və yönləndirməsi ilə bilik qazanmaq üçün gəlir. Şagirdin dərsi qavraması müəllimin dərs vaxtı göstərdiyi səylə ölçülməli idi. Biz şagird olanda fərdi hazırlıqlar yalnız 9-10-cu siniflərdə başlayır, şagirdlər maraqlarına uyğun istiqamətdə seçim edirdilər.
İndi isə vəziyyət tam fərqlidir. Artıq 1-ci sinifdən uşaqlara hazırlıq təklif olunur. Əgər müəllim dərsi dərs vaxtı başa sala bilmirsə, uşağın inkişafına dəstək olmursa və valideynlərə “evdə izah edin” deyirsə, belə olan halda məktəb və müəllim nəyə gərəkdir? Təəssüf ki, bəzən məktəb rəhbərliyi də bu sistemdən fayda götürür və nəticədə xaos yaranır.
Bu vəziyyət valideynləri evdə repetitor dəstəyi ilə övladlarını oxutmağa sövq edir. Çünki həm daha az stress olur, həm də nəticə daha yaxşı.
Ümid edirik ki, təhsil sahəsində nəzarət güclənəcək və bu neqativ hallara son qoyulacaq.
Suheyla Məhərrəmova
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin