Şəhidlər hamımız üçün əzizdir, onların xatirələri yaddaşımızdan silinməyəcək. Bunu da bilirik ki, xalqımız vətən üçün canından keçən hər bir şəhidimizin məqamının uca tutulması üçün əlindən gələni də, gəlməyəni də etməyə hazırdır.
Şəhidlər Xiyabanı daim mühafizə altındadır, bunu ziyarətə gələn hər kəs bilir. Bəs necə olub ki, abır-həya bilməyən ərəblər bu müqəddəs məkanda meymunluq etməyə vaxt və imkan qazanıblar?!
…2022-ci ildə İstanbul xəstəxanalarının birində müalicəmi aldıqdan dərhal sonra Taksim meydanında törədilmiş partlayışda günahsız insanların şəhid olduğu məkanı ziyarət etmək istədim. Yaxınlıqdakı köşkdən gül alıb oraya doğru addımladım. Yaxınlaşanda nə görsəm yaxşıdır. Cavan bir oğlan əlində pivə şüşəsini boğazına çəkərək gül-çiçək düzülmüş o guşəyə tüpürür, ərəbcə nə isə qışqırır, yerə uzanıb-durur, bir sözlə, meymunluq edirdi. Tək deyildi, hərdən aralıda dayanan özü kimi gicbəsərlərə yaxınlaşıb əllərini çırpır, yenidən məhz həmin faciə yerinə qayıdıb hərəkətlərini davam etdirirdi.
Hamı onu dəli hesab etdiyindən, baxıb yan ötürdülər. Toplaşıb təəssüflə tamaşa edənlər də az deyildi. Polis uzaqda gəzişirdi, nədənsə bu qədər səs-küyə əhvalı dəyişmirdi, bəlkə də bu küçənin daimi halı belə olduğundandır.
Dözə bilmədim, yaxınlaşdım, pivə şüşəsini alıb zibil yeşiyinə atdım, meymunluq edənin qolundan tutub var gücümlə kənara tulladım və burdan dəf olub getməsini tələb etdim. Yaxşı ki, müqavimət göstərmədi. Gülləri ehtiramla faciə yerinə düzüb küçəni tərk elədim.
Niyə bunu xatırlatdım. O meymun ərəb faciə baş verən, insanların həlak olduğu yerdə hoqqa çıxaranda niyə etiraz səsini qaldıran tapılmadı? Axı, şəhid qanları hələ qurumamışdı, məzarları hələ soyumamışdı.
Bax, bu laqeydliyin nəticəsidir ki, İstanbulun ən gəzintili yeri olan Taksim caddəsi indi az-maz türk dilini öyrənmiş, yaxud türklərdən əlaltıları seçərək işlədən ərəblərlə doludur. Bəziləri yanlarında yarıçilpaq qızları da saxlayırlar ki, lap cəlbedici olsun. Az-qala güclə qolundan tutub çay süfrəsinə oturdurlar, çayın yanında başqa məzələr təklif edirlər və istədikləri qiyməti oxuyurlar. Etiraz etmək çətindir, gərək abrını abırsızdan qoruyasan.
Vaxtilə Azərbaycanda ərəblərin ov ovladığı, quş quşladığı ən gözəl təbiət guşələrindən xəbərlər yayılanda, tədbir görməli olanlar o xəbəri yayanlara reaksiya vermədi, ya da elə reaksiya verdilər ki, o səslər bir də eşidilmədi (ən böyük səhvlər də elə bundan başlayır).
Nəhayət, polis Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər törədən ərəbləri araşdırıb, həbs edə bilib. Bu, yaxşıdır. Ancaq nə cəza veriləcək, qanunda şəhidlərin şərəfinin qorunması, müqəddəs məkanlarda qeyri-etik hərəkət edənlərə qarşı ictimai yerdə asayişi pozmaqdan daha şiddətli bir maddə varmı? Öz məvaciblərini, illik gəlirlərini, məzuniyyət pullarını artırmaq barədə qanunları söküb-yığan millət vəkilləri, qanun layihələrini təkmilləşdirməkdə borclu olan müvafiq dövlət qurumları bir dəfə də olsun şərəf və ləyaqətimizi bizə qaytaran igidlərimizin şərəf və ləyaqətinin qorunması haqqında fikirləşiblərmi? Fikirləşiblərsə, üzr istəyərək, belə bir qanunun qəbulundan kimsənin xəbəri olmadığını təəssüf hissilə bildirməliyəm.
Bir ərəb yaylaqlarda, oylaqlarda quş ovuna çıxdı, digəri Bakının mərkəzi küçəsində həyasızcasına camaatın qızına, arvadına sataşdı, başqa ərəblər müqəddəs məkanımızda meymunluq elədi…
Daha nələr olacaq? O nələrin olmaması üçün nələrisə etmək lazımdır. Ölkəsini, qürurunu, mənliyini, kimliyini qoruya bilənin ölkəsinə, qüruruna, mənliyinə, kimliyinə sataşmağa cürət edən də olmaz!
Mahir Cavadlı,
İstanbul,
18 avqust 2025
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin