5 Oktyabr 2025-ci il tarixində Bakıda Milli Məclisdə süni intellektlə bağlı Türkiyədən gələn nümayəndələrlə görüş təşkil edildi. Görüşdə Türkiyə nümayəndəsi Mustafa Efe Topaloğlu çıxış edib.
Mustafa Efe Topaloğlu kimdir?
Sahibkar, musiqi və film prodüseri, proqram təminatı mütəxəssisi, süni intellekt mövzusunda kitab müəllifi və həmçinin bir çox QHT-lərdə (sivil toplum təşkilatlarında) sədr müavinidir.
Mustafa Efe, “TÜMBİAD” – yəni “Türkiyə Bürokratlar və İş İnsanları Dərnəyi”nin rəhbəridir və həmçinin İstanbul Gelişim Universitetinin Müşavirə Şurasının üzvüdür. Mustafa Ege həmçinin proqram təminatı sahəsində müxtəlif mobil tətbiqlər hazırlayan, Türkiyənin “yerli və milli süni intellekt proqramının inkişaf etdiricisi”dir. Bundan əlavə, çəkildiyi tammetrajlı film ilə Hindistanın Pune Film Festivalında mükafat qazanıb.
Hazırda Mustafa Efe Topaloğlu süni intellekt texnologiyaları, internet media və film sənayesi sahələrində fəaliyyət göstərən bir neçə şirkətin qurucusu və idarə heyətinin sədri kimi fəaliyyətini davam etdirir.

Əməkdaşımız Süheylə Məhərrəmovanın suallarını Mustafa Efe Yenifikir.media üçün cavablandırıb.
–Mustafa bəy, Azərbaycana xoş gəlmisiniz. Bildiyimiz kimi, bir neçə ay öncə “Yapay zəka” — yəni süni intellekt mövzusunda kitabınız nəşr olunub. Azərbaycana səfəriniz bu mövzu ilə bağlıdırmı?
-Elmə, biliyə və texnologiyaya böyük önəm verən mərhum Heydər Əliyevi rəhmətlə anmaq istəyirəm. Elm, bilik və texnologiya yolunda irəliləməyə davam edən cənab İlham Əliyevə də təşəkkürlərimi bildirirəm.
Bu gün bəşəriyyət tarixinin ən mühüm mövzularından birini müzakirə etmək üçün bir Bakıda bir araya gəlmişik.
Mənim “Gələcəyə hazır olmaq” adlı süni intellektlə bağlı kitabımda da gələcəkdə həyatımızın necə dəyişəcəyi, hansı peşələrin yox olacağı, hansı yeni peşələrin yaranacağı, süni intellektin hüquqi tənzimlənməsi və etik qaydaları kimi məsələlərə toxunulub.

-Süni intellekt haqqında bizə qısa məlumat verərdiniz? Hal- hazırda bütün dünya süni intellektə daha çox etimad göstərir. Bu mövzuda sizin fikrinizi bilmək istərdik?
-Bir gün gələcək — və ya o gün düşündüyümüzdən, gözlədiyimizdən daha yaxın gələcək. Dünya artıq sürətlə dəyişir və çox tezliklə yeni bir süni intellekt dövrünə qədəm qoyacaq. Buna görə də hamımız gələcəyə hazır olmalıyıq. İnsan, bilmədiyi hər şeydən narahatlıq duyar. Süni intellekt barəsində kifayət qədər məlumatımız olmadığı üçün çox zaman qulaqdan-qulağa yayılan səhv məlumatlarla fikir formalaşdırırıq. Amma anlamadığımız və bəzən fərqində olmadığımız bir həqiqət var — süni intellekt artıq gələcəyin deyil, bu günün bir parçasıdır. O, artıq həyatımızın bir çox sahəsində istifadə olunur. Bu gün burada hamımız özümüzə bu sualları verməliyik:
– Süni intellekt bizi idarə etmədən, biz ona qarşı hansı tədbirləri görə bilərik?
– Süni intellekt həyat tərzimizi, gündəlik yaşamımızı necə dəyişdirəcək?
-Yeni dünya nizamında süni intellekt dövrünü artıq heç kim dayandıra bilməz və dayandıra da bilməyəcək.Bu gün malik olduğumuz vərdişlər, adət-ənənələr və dəyərlərin bir çoxu gələcəkdə dəyişikliklərə məruz qalacaq.Və bəzi sualların cavabını isə yalnız zaman göstərəcək — biz sadəcə yaşayıb görəcəyik.
-Süni intellekt haqqında mənfi və müsbət fikirlərinizi öyrənmək istərdik?
-Süni intellekt, əslində, nə yaxşıdır, nə də pis — onun hansı istiqamətdə istifadə olunacağı tamamilə bizim əlimizdədir. Tarix boyu olduğu kimi, od yemək bişirmək üçün də istifadə olunub, dağıtmaq və yandırmaq üçün də. Bıçaq çörək kəsmək üçün də işlədilib, insana zərər vermək üçün.Bu gün süni intellekt də eyni vəziyyətdədir.

Bir tərəfdən tibb, təhsil, kənd təsərrüfatı, enerji səmərəliliyi və nəqliyyat sahələrində insan həyatını asanlaşdırır, digər tərəfdən isə etik sərhədlər, məlumat təhlükəsizliyi, məxfilik və məşğulluq problemləri ilə bağlı narahatlıqlar yaradır. Bəşər tarixi boyu bilik, bacarıq və istedad nəsildən-nəslə ötürülüb, hər dövr öz texnoloji inqilabını yaradıb. Süni intellekt isə 1950-ci illərdən bəri aparılan tədqiqatların bugünkü zirvəsidir. Son illərdə informasiya texnologiyalarının inkişafı ilə süni intellekt həyatın bütün sahələrində dönüşüm yarada biləcək gücə çatmışdır.

–Süni intellekt ölkələrin iqtisadiyyatına təsir göstərə bilərmi?
-Bu gün süni intellekt makro səviyyədə ölkələrin iqtisadiyyatını böyüdür, mikro səviyyədə isə müəssisələrin səmərəliliyini artıran strateji bir amilə çevrilib. Dövlətlər bu texnologiyalara etdikləri investisiyaları gələcəyə yönəlmiş mühüm addım kimi qiymətləndirirlər. İş dünyası isə yaranan imkanlardan yararlanmaq üçün yeni adaptasiya modelləri hazırlayır.İstəsək də, istəməsək də, yaxın gələcəkdə süni intellekt yalnız həyatımızı asanlaşdırmaqla kifayətlənməyəcək — həyatımızı yenidən müəyyənləşdirəcək. Təhsildən səhiyyəyə, nəqliyyatdan kənd təsərrüfatına, hüquqdan iqtisadiyyata qədər hər sahədə inqilabi dəyişikliklər baş verəcək.

Ağıllı şəhərlər, insana bənzər robotlar, rəqəmsal bədənlər, biotexnologiya ilə yaradılan süni orqanlar — bütün bunlar insan həyatına dərin təsir göstərəcək və onu yenidən formalaşdıracaq.
Süni intellektin hüquqi və etik tərəfləri müvafiq qaydalar və nəzarət mexanizmləri ilə dəstəklənməlidir. Əks halda, nəzarətsiz istifadə fayda yerinə zərər gətirə bilər.
Süni intellektin və texnologiyanın insanlığa ən xeyirli şəkildə xidmət etməsi arzusu ilə hamınızı hörmət, sevgi və səmimiyyətlə salamlayır və təşəkkürümü bildirirəm.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

