Lənkəranın yaşıllığa bürünmüş, sakit küçələrindən birində, 1967-ci ilin avqust ayının 12-də bir uşaq dünyaya göz açdı.
Adını Elçin qoydular…
Uşaq yaşlarından gözlərində fərqli bir işıq vardı – incəsənətin, poeziyanın, sözün işığı…
Kitab vərəqlərinin xışıltısı, teatr səhnəsinin sehrli nəfəsi, şeir misralarının ruh oxşayan naxışları onu daim özünə çəkirdi.
Bu cazibəyə biganə qala bilmədi. Yolunu əvvəlcə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, ardınca isə mədəniyyətin böyük ocaqlarından biri – Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna yönəltdi. Orada yalnız oxumadı – gördüklərini, öyrəndiklərini ruhuna hopdurdu, yaradıcılıq təfəkkürünə çevirdi.
Təhsil bitdi, amma onun üçün yol yeni başlayırdı…
Mədəniyyət sahəsində qısa zamanda uğur qazandı. “Sevil” kinoteatrının direktor kreslosuna əyləşəndə bu vəzifəyə sadəcə idarəçilik kimi yox, tamaşaçı ilə sənət arasında körpü salan bir mədəniyyət elçisi kimi yanaşdı.
Onun daxilində başqa bir səs də vardı – sözün gücünə, xəbərin təsirinə inanan jurnalist ruhu…
Bu səs onu AzTV-dən “Space” telekanalına, “SARA” TV-dən qəzet redaksiyalarına qədər gətirdi. “Üç nöqtə”nin redaktoru, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru kimi milli mövqeyi möhkəmləndirən, ideoloji dayaqları bərkitməyə çalışan bir qələm sahibinə çevrildi.
Televiziya studiyaları onun üçün yalnız iş yeri deyil, fikir meydanı idi. “Geosiyasət”də, “Xəzər Aktual”da hadisələrin arxa fonunu göstərir, tamaşaçının beynində suallar oyadırdı.
İncəsənətə sevgisi onu rejissorluğa da gətirdi…
Nəriman Nərimanovun “Nadir Şah” dramını Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirəndə tamaşaçı yalnız bir əsər izləmədi həm də tarixlə üz-üzə gəldi. Elçin müəllimin rejissoru olduğu tamaşa qısa zamanda Azərbaycan, İran və Türkiyədə alqışlarla qarşılandı.
Bütün bunlarla yanaşı, Elçin Mirzəbəyli poeziya ilə nəfəs alır…
Onun şeirləri səmimi, dərindən gələn bir duyğunun ifadəsidir. Vətən sevgisi, insanın daxili dünyası, zamanın qovğası misralarına hopub. Şair qələmi publisistik düşüncəsinin davamı kimi oxucunu həm düşündürür, həm də duyğulandırır.
Ömrün odu keçir, tüstüsü qalır…
Nə kül kürüyürəm, nə od qoyuram.
Tanrım, günah sayma,
verdiyin ömrü
Çürüdüb…
Adını ümid
qoyuram.
Onun həyatında siyasət də həyat yolunun mühüm bir parçasına çevrildi…
2003-cü ildə Qüdrət Həsənquliyevin seçki kampaniyasında müşavir, daha sonra Bütöv Ədalət, Hüquq, Demokratiya Partiyasının ( ƏHD) səlahiyyətli nümayəndəsi, partiyada ictimai-siyasi məsələlər üzrə müavin kimi fəaliyyətini davam etdirdi.
Həmin il 90 saylı Ağsu dairəsindən Milli Məclisə deputat seçildi. Parlamentin Elm və Təhsil, həmçinin Beynəlxalq Münasibətlər komitələrinin üzvü olaraq, bir sıra ölkələrlə parlament əməkdaşlığında fəallıq göstərdi.
Elçin Mirzəbəyli – bu ad yalnız siyasət adamını deyil, sözü, incəsənəti, və ideyanı ehtiva edir. Onun ömür yolu sənətin zərifliyi ilə siyasətin sərtliyini, şeirin həzinliyi ilə publisistikanın kəskinliyini birləşdirən, səhnə işığını parlament tribunası ilə qoşa yandıran bir həyat hekayəsidir.
İlkin Hüseynov
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin