Gözəl danışmaq, insanlarla xoş münasibət qurmaq, sosial əlaqələri inkişaf etdirmək dinin mənəvi tələblərindəndir. Acı söz, qəlb sındırmaq, könül yıxmaq günahdır. Hədislərin birində qəlb sındırmağın Kəbəni yıxmaqdan böyük günah olduğu deyilir.
Qılınc yarası sağalar, söz yarası sağalmaz. Ona görə heç kəsi yaralamaq olmaz. Çünki yara vuran da başqaları tərəfindən yaralanacaq. Yenə bir hədisdə buyurulur ki, insan yaşatdığını yaşamadan ölməz.

Quranda insanlar xoş danışmağa, gözəl sözlər seçməyə dəvət edilir. Mərhəmətli Allah insanlara “qavl-i həsən” ( əl-Bəqərə, 83; əl-İsra, 53) yəni ən gözəl sözü söyləməyi əmr edir.

Müqəddəs kitabda valideynə qarşı “of” belə demə, onlara; قَوْلاً كَرِيماً (qavlən kərimə) (əl-İsra, 23.) yəni kərəmli və iltifatlı söz söylə, deyə əmr olunur.

Fəqir – füqəraya, möhtac və məhrumlara verəcək bir şey tapmasanız, heç olmasa onlara qarşı, قَوْلاً مَيْسُوراً (qavlən məysura) (əl-İsra, 28.) yəni könül alıcı, ruh dinləndirici, təsəlli edici bir söz söylə, buyurulur.

Başa qaxmaq və könül incitmək surətiylə əcri, savabı zay edilən bir sədəqədənsə قَوْلٌ مَعْرُوفٌ (qavlun mərufun) (əl-Bəqərə, 263.) yəni şirin bir söz daha xeyirlidir, buyurulur.

Qanadı qırıq bir quş kimi himayəyə möhtac yetimlərə, yaxın əqrabaya, yoxsullara qarşı yenə قَوْلاً مَعْرُوفاً (qavlən mərufa) (ən-Nisa 5, 8.) yəni gözəl söz və dillə danış, buyurulur.

Yerində və uyğun söz söyləmək lazımdır. İbn Rüşd yazırdı ki, insanlara ağıl səviyyəsinə uyğun xitab edin.

Həmçinin Quranda, qəlbində mənəvi xəstəlik olanlara qarşı hər hansı bir töhmətə, fitnəyə yaxud yanlış anlaşılmağa yol verməmək üçün yenə قَوْلاً مَعْرُوفاً (qavlən mərufa) (əl-Əhzab, 32.) yəni, yerində və uyğun bir söz söyləyin, buyurulur.

Allah, zalımların qəlbini yumşaltmaq üçün قَوْلاً لَيِّناً (qavlən ləyyina) (Taha, 44.) yəni yumşaq söz söyləyin, buyurur. Təbliğdə sərt və qaba xitabların mənfi təsir hasil edəcəyini təlqin edir. Bu səbəbdən şirin dillə, gülər üzlə, nifrət ettirmədən, müjdələyən və məhəbbəti artıran bir üslubla danışmağı təlqin edir.

Yenə təbliğ əsnasında قَوْلاً بَلِيغاً (qavlən bəliğa) (ən-Nisa, 63.) yəni könüllərə işləyəcək, ürəklərdə iz qoyacaq təsirli və bəlağətli bir söz söyləyin, buyurulur. Beləcə sözümüzün təsirli ola bilməsi və könüllərə yetişməsi üçün qəlbdən gəlməsi gərəkdiyini, əks halda sırf dildən çıxan ifadələrin bir qulaqdan girib diğərindən çıxacağını təlqin edir.

İçi dolu, mənalı, təsirli söz və ibarələrlə danışmaq da Allahın tövsiyyələrindəndir. Odur ki, buyurur:
“(Ey Rəsulum!) Sən, Rəbbinin yoluna hikmət və gözəl öyüdlə dəvət et!..”(ən-Nəhl, 125)

Ruhlar hikmətə cəlb olur. Hikmətli söz ruhun qidasıdır. İmam Əli əleyhissəlam buyurur:

“İncə – zərif, hikmətli söz və davranışlarla ruhlarınızı dinləndirin. Zira bədənlərin yorulduğu kimi ruhlar da yorulur.”

Yəni möminin dili, ilahi həqiqətlərin bədii və ruhani gözəlliklərini sərgiləyən, ətrafa nur saçan bir hikmət çırağı olmalıdır.

Yenə Quran, özümüz üçün doğruluq və ədalətli qarşılıq görmək istədiyimiz halda, işlərimizin və davranışımızın düzəlib Allahın bizi əfv etməsini istəyiriksə, özümüzün də hər xüsusda doğru, səmimi, adil olmağımızı əmr edərək قَوْلاً سَدِيداً (qavlən sədidə) (ən-Nisa, 9; əl-Ahzab, 70.) yəni doğru söz söyləyin, buyurur.

Necə ki, doğru sözlü olmaq və heç kimi əsla aldatmamaq, müsəlmanlığımızın şərtidir. Müsəlman, acı da olsa, öz əleyhinə belə olsa, doğrunu söyləməlidir.

Habelə Quranda şirk və küfr əhlinin həqiqətdən kənar ifadələrinin, babalı çox böyük söz (əl-İsra, 40.), boş söz (ər-Rad, 33.)və ziddiyyətli söz(əz-Zariyat, 8.) olduğunu bildirir. Başda şirk, nifaq və küfr kimi Allaha qarşı yönəldənlər olmaq üzrə hər cür yalan sözü (əl-Hac, 30.) də şiddətlə yasaqlayır. O cümlədən, yalançı şahidlik edənlərə Quranın təhdidi çox böyükdür.

Həzrət İsa yolda bir donuza rastlaşıb ona: “Salamatlıqla yoldan çəkil!” deyir. Yanındakılar:

” – Bu xoş sözü donuz üçünmü deyirsən?” deyə soruşurlar. (O isə donuz kəlməsini tələffüz etməkdən və o heyvana xitaba belə qaba bir ifadə işlətməkdən çəkindiyini bildirmək üçün):

” – Mən, dilimi çirkin sözlər söyləməyə öyrətməkdən qorxuram!” cavabını verir. (Muvatta, Kəlam, 4)

Həmçinin Quranın bir ayəsində buyurulur:

“Yerişində həddi gözlə, səsini alçalt. Unutma ki, səslərin ən xoşagəlməzi eşşəklərin səsidir.” (Loğman, 19)

Odur ki, insan insan olduğunu heç vaxt unutmamalı, danışığına, sözünə, xitabına, müraciətinə diqqət etməlidir.

Tural İRFAN

İlahiyyatçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir