Söz – millətin özünü tanıdığı güzgüdür. Hər xalqın tarixi, mədəniyyəti, dünyagörüşü bu söz güzgüsündə əksini tapır. Dil isə bu güzgünü millətin alnında daşıdığı şərəf nişanına çevirir.

Azərbaycan türkcəsi – bir xalqın kimliyi, ruhu, səsi, yaddaşıdır. Bu dil yalnız danışmaq üçün deyil – düşünmək, yaratmaq, yaşamaq üçün var olmuşdur. Lakin bu gün Bakının küçələri ilə bir qədər gəzsəniz, Azərbaycan sözünün haralarda susdurulduğunu, hansı təbəqələrdə sıxışdırıldığını öz gözlərinizlə görərsiniz: 

“Kids Land”, “Beauty Lounge”, “Royal Coffee”, “Fresh Market”, “Smart Home”, “Grand Hotel” və s.

Bu nə mənzərədir? Bu hansı şəhərdir? Bura doğrudanmı, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın danışdığı dildir? Mikayıl Müşfiqin, Məni Xəzrinin lirikasında çiçək açan sözlərin vətənidirmi?

Artıq təkcə ədəbi dilə deyil, milli mövcudluğumuza yönəlmiş səssiz bir yadlaşma baş verir. Biz dilimizin gözəlliyini, zənginliyini, ifadə gücünü basdırıb, əvəzində qlobal “cazibə”yə tabe oluruq. Halbuki bu “cazibə”, əslində, kimliksizlik burulğanıdır.

Ədəbi dilimizi qorumaq sadəcə bir filoloqun vəzifəsi deyil – bu, hər bir ziyalının, müəllimin, jurnalistin, dövlət məmurunun, (bu məqamda, əsasən) sahibkarın və ümumiyyətlə, hər bir vətəndaşın borcudur. Çünki dil təkcə danışıq vasitəsi deyil, o həm də düşüncə tərzi, milli əxlaq, şəxsiyyət dəyərləri və tarixi mirasdır.

Dil susarsa, xalq özünü ifadə edə bilməz. Özünü ifadə edə bilməyən xalq isə kənardan yazılmış bir ssenari ilə yaşamağa məhkum olar.

Məsələ yalnız bir neçə ingiliscə lövhədə deyil. Məsələ, daxili düşüncə tərzindəki təslimçilikdir. “Xarici ad olsa, daha səviyyəli görünər”, “Azərbaycanca yazsaq, kəndli kimi qəbul edilərik” – kimi komplekslər hələ də “şəhərli” estetikamıza hökm edir.

Lakin nə Fransada “Good Taste Restaurant”, nə Rusiyada “Sweet Look Beauty”, nə də Türkiyədə “Smart Mall” var. Onlar öz dillərində danışır, yazır, yaradır – və dünyanın hörmətini qazanırlar.

Biz isə bir millət olaraq öz dilimizdən utanırıqsa, öz mədəniyyətimizi təqdim etməyi bacarmırıqsa, necə gözləyə bilərik ki, dünya bizi tanısın və hörmət etsin?

Bəs Ədəbiyyat yaradıcıları bu mövzuda nə etməlidir?

Ədəbiyyat – dilin qəlbidir.  Cəlil Məmmədquluzadənin “dildə milli təəssübkeşlik” çağırışı bu gün daha da aktuallaşır. Onun “dilimiz var, lakin yazmağa qələmi, danışmağa cəsarəti olmayan adamlarımız var” fikri sanki bu gün üçün deyilib.

Yazıçı, şair, jurnalist – onlar cəmiyyətin dil mühəndisləridir. Onlar susarsa, ana dilinin boğulan səsi haradan və kimdən eşidiləcək?

Ədəbi dil müasir həyatın içində yaşamalı, sosial media, kinolar, teatrlar, mahnılar – hamısı bu dilin təbii yaşama formaları olmalıdır.

Dil sevgisi uşaq yaşından aşılanmalıdır. Burada isə təhsil siyasəti rol oynayır.

Təhsil sistemi ədəbi dili yalnız qrammatika və inşa çərçivəsində öyrətməməlidir. Dil sevgisi uşaq yaşından təlqin edilməlidir:

Şagirdlərə öz şəhərlərindəki yad adları görməyi və onların əvəzinə milli alternativlər düşünməyi öyrətmək;

Ana dili dərslərində reklam, internet, populyar mədəniyyətdə dilin rolu təhlil edilməli;

Gənclər arasında “ən gözəl azərbaycanca ad”, “ən uğurlu tərcümə” müsabiqələri təşkil olunmalıdır. Və s.

Dövlət orqanları isə yalnız qanun qəbul etməklə deyil, dilin gündəlik həyatda görünən üzünü – lövhələri, elanları, binaları, reklamları – milli ruhda tənzimləməklə məsuliyyət daşıyırlar.

Müstəqillik təkcə bayraqla, sərhədlə ölçülmür. Dil – millətin əsl istiqlalıdır. Ona sahib çıxmaq – özünə sahib çıxmaqdır. Öz dilinə yadlaşan cəmiyyət, zamanla öz ruhuna yadlaşar.

İngiliscə bir ad qoymaqla kimisə təəccübləndirmək olar. Amma Azərbaycan türkcəsində bir söz yaratmaqla tarixə düşmək mümkündür.

Söz – millətin kimliyidir. Dil – millətin şərəfidir. Bu şərəfə sahib çıxaq!

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru, şair, 

“Kitab Evi” İctimai Birliyinin sədri

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir