Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 2 saylı, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün nəzərdə tutulan sosial xidmət müəssisəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə infotur təşkil olunub.
İnfoturun əsas məqsədi müəssisənin fəaliyyəti, burada yaşayan uşaqların sosial həyata inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı rəy və təkliflərini dinləmək olub.
Tədbir çərçivəsində iştirakçılar müəssisədə yaradılan yaşayış və reabilitasiya şəraiti ilə yaxından tanış olub, əlilliyi olan uşaqlara göstərilən sosial xidmətlər, eləcə də müəssisənin nəzdində fəaliyyət göstərən günərzi qayğı mərkəzinin işi barədə ətraflı məlumat alıblar.
Bildirilib ki, müəssisədə əlilliyi olan uşaqlara sosial-psixoloji, sosial-pedaqoji, sosial-tibbi və sosial-məişət xidmətləri təqdim olunur. Bununla yanaşı, onların fərdi bacarıqlarının inkişaf etdirilməsi, müstəqil həyata hazırlanması və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl iş aparılır. Hazırda müəssisədə 164 əlilliyi olan uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunub.
İnfotur zamanı QHT nümayəndələrinin ünvanladığı suallar cavablandırılıb, səsləndirilən rəy və təkliflər diqqətə alınıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

