Tarixi reallıq ondan ibarətdir ki, ermənilər əsrlər boyu Azərbaycan torpaqlarında “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə müxtəlif xəyanətkar və işğalçı addımlar atmışlar. Bu siyasət yalnız müasir dövrə deyil, tarixin qədim mərhələlərinə də gedib çıxır. Tarixi mənbələr təsdiq edir ki, erməni iddiaları yeni yaranmış bir məsələ deyil. Orta əsrlərdən başlayaraq Qafqazda və Azərbaycanın müxtəlif bölgələrində ermənilər öz siyasi və ideoloji niyyətlərinə çatmaq üçün hər vasitəyə əl atmış, nəticədə bölgədə uzun müddət gərginlik və etnik qarşıdurmalar hökm sürmüşdür. Xüsusilə XX əsrin əvvəllərində həyata keçirilmiş etnik təmizləmə, zorakılıq və kütləvi deportasiya siyasəti Azərbaycan xalqının tarixi yaddaşında dərin izlər buraxmışdır.
2020-ci il 10 noyabr tarixində imzalanmış kapitulyasiya sənədi Ermənistanın rəsmi məğlubiyyətini təsdiqlədi. Lakin buna baxmayaraq, Qarabağ ərazisində on minlərlə erməni silahlı dəstələri və qeyri-qanuni qruplar fəaliyyətini davam etdirirdi. Bu hal beynəlxalq hüquqa və üçtərəfli Bəyanatın müddəalarına tam zidd idi. Halbuki həmin sənədə əsasən bütün silahlı qüvvələr bölgəni çoxdan tərk etməli idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da, humanist mövqeyindən dönmədi. Dövlətimiz münaqişəni sülh yolu ilə həll etməyə, bölgədə reinteqrasiya prosesini aparmağa çalışdı. Hökumətimiz dəfələrlə barış çağırışları etdi, dinc birgəyaşayış üçün şərait yaratmağa hazır olduğunu bildirdi. Amma bu çağırışların cavabı nə oldu? – Yeni silahlanma, qanunsuz daşımalar, terror, separatçı iddialar və dövlətimizin suverenliyinə meydan oxumaq. Ermənistan rəhbərliyi və onların havadarları dəfələrlə xəbərdar olsalar da, Qarabağda qanunsuz silahlı qüvvələr saxlanıldı. Qondarma “seçkilər”, saxta “parlament” və “prezident” elan olunaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təxribat həyata keçirildi. 2021–2023-cü illərdə sərhədlərdə qanlı toqquşmalar baş verdi, mülki insanlar və hərbçilərimiz şəhid oldu. Qanunsuz minalar basdırıldı, təchizat yolları ilə gizli şəkildə texnika və silah daşındı. Separatçılar hətta Qarabağın sərvətlərini talayaraq Azərbaycanın iqtisadi maraqlarına zərbə vurmağa çalışdılar.
Lakin xalqımızın səbr kasası da dolurdu. Azərbaycan dövlətinin strateji addımı – Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması separatçıların qanunsuz daşımalarına ağır zərbə vurdu. Və nəhayət, 2023-cü ilin 19 sentyabrında erməni silahlı dəstələrinin törətdiyi qanlı terror aktı -Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başlanıldı. Azərbaycan dövləti qətiyyətli qərar qəbul etdi – lokal xarakterli antiterror əməliyyatı başladı. Cəmi 23 saat 43 dəqiqəyə Ordumuz bütün separatçı qüvvələrin müqavimətini qırdı. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Azərbaycan ordusu əməliyyat zamanı mülki əhaliyə toxunmadı. Qadınlar, uşaqlar, qocalar qorundu, tibbi yardım göstərildi, ərzaq və sosial dəstək təmin edildi. Bu, Ordumuzun gücünün , yüksək əxlaqının göstəricisi idi. Nəhayət, separatçılar ağ bayraq qaldırdılar. Silahlarını təhvil verdilər, xunta rejimi ləğv edildi. 28 sentyabr 2023-cü ildə qondarma qurumun rəhbəri də sənədə imza ataraq separatizmin sonunu rəsmən elan etdi.
Bu gün Qarabağ torpaqlarında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu bayraq təkcə torpaqlarımızın üzərində deyil – hər bir azərbaycanlının ürəyində ucalır. Çünki bu qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, ədalətin, humanizmin və dövlətçiliyimizin möhtəşəm təntənəsidir. Xalqımız 200 illik faciələrin, deportasiyaların, soyqırımların, işğalın üzərindən qalxaraq öz haqq səsini dünyaya çatdırdı. Suverenliyimiz tam bərpa olundu, Azərbaycanın tarixində ən şanlı səhifə yazıldı.
Bu Zəfər bizimdir, bu Zəfər gələcək nəsillərin qürurudur, bu Zəfər Azərbaycanın əbədiyyət yoludur!
Hüseynova Samirə Adəm qızı.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin