Arıların dili səssizdir, amma zəhmətləri minlərlə faydanın əsasını qoyur. Mən də arıçı ailəsində dünyaya göz açmışam. Rəhmətlik babam İslam kişi arıçı idi. Həmişə deyərdi: “Arılar qədər zəhmətkeş olmaq lazımdır.”
Müsahibim arıçılığı ata-baba sənəti kimi yaşadan, bu sahədə təcrübəsi və sevgisi ilə seçilən bir ailə təsərrüfatının sahibi Taleh Əli oğlu Vəliyevdir. Taleh Vəliyev Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində yaşayır. Ata-babaları Göyçənin Qızılvəng kəndindəndir. Ozanlar ozanı Aşıq Alı nəslindəndir. Onunla arıçılığa olan bağlılığından, qarşılaşdığı çətinliklərdən və gələcək planlarından danışdıq.Qeyd edək ki, Taleh Vəliyevin atası Əli Vəliyev də uzun illər arıçılıqla məşğul olub.
– Arıçılığa necə başladınız və bu işə marağınız haradan yarandı?
– Arıçılıq bizim nəsildə ənənəvi peşədir. Babalarım və ulu babalarım şəxsi təsərrüfatlarında arı ailələri saxlayıblar. Arıçılıq ailəmizdə nəsildən-nəslə ötürülür. Arılara olan sevgim də məhz ata-babalarımdan miras qalmış bir ənənənin davamıdır.
– Hazırda neçə arı ailəsi saxlayırsınız və əsasən hansı növ bal istehsal edirsiniz?
– Arıçılıq ailə təsərrüfatımızın əsas hissəsidir. Arıxanamızda Boz Qafqaz, Bakfast və Karnika cinsli arılar saxlanılır. Bunlar çox məhsuldar arı cinsləridir. Arılarımız əsasən Gədəbəy rayonunun Slavyanka kəndində və Goranboy rayonunda yerləşir. Zərurət yarandıqda digər bölgələrə də köçürürük. May balı, təbii çiçək balları, akasiya və çökə ağaclarının çiçəklərindən əldə edilən ballar istehsal edirik.
– Balın təbii və keyfiyyətli olduğunu necə sübut edirsiniz?
– Balın keyfiyyətini sübut etməyin ən etibarlı yolu laborator müayinələrdir. Bizim ballar da müvafiq analizlərdən keçirilir və nəticələr onların tam təbii və keyfiyyətli olduğunu təsdiqləyir. Doğrudur, bu gün bazarda kifayət qədər saxta ballar mövcuddur. Təəssüf ki, adi istehlakçılar bu fərqi çox vaxt müəyyən edə bilmirlər. Saxta ballar ədviyyatlarla dadlandırıldığı üçün təbii baldan seçilməsi çətindir. Onların zərəri isə qəbul edildikdən sonra özünü büruzə verir – orqanizmdə fəsadlar yaranır.
– Arıçılıqda sizi ən çox çətinləşdirən nədir?
– Ən çətin mərhələlərdən biri arıxananı köçürmək və bal süzmə prosesidir. Əgər əlavə köməkçi olmazsa, bu işlər olduqca ağır və yorucu olur. İnsanlar arı sancmasından qorxduqları üçün köməkçi tapmaq çətinləşir. Arılar daimi diqqət və nəzarət tələb edir. Onlarla işləmək isə səbir, qayğı və məsuliyyət istəyir.
– Balın satışını necə təşkil edirsiniz?
– Bal satışını təşkil etmək bəzən çətinlik yaradır. Biz əsasən Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkil etdiyi bal yarmarkalarında iştirak edərək məhsullarımızı satırıq. Arıcıların əsas arzularından biri odur ki, ölkəmizdə arıçılardan bal və digər məhsulların alınması üçün rəsmi tədarük mərkəzləri yaradılsın.
– Gənclərə və yeni başlayanlara arıçılıqla məşğul olmağı tövsiyə edirsinizmi?
– Şükürlər olsun ki, bu gün arıçılığa maraq göstərən gənclərin sayı artmaqdadır. Mənim övladlarım və bacımın övladları da arıçılığa böyük maraq və sevgi ilə yanaşırlar. Bu, bizim üçün çox sevindirici haldır. Qeyd etmək istəyirəm ki, Qəbələ Peşə Təhsili Mərkəzində arıçılıq peşəsi tədris olunur. Bu, gələcək üçün çox ümidverici bir addımdır.
Savalan Talıblı
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin