Bu gün atam – Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair – publisist Sadiq Qaranın anım günü idi. Odur ki, onunla bağlı hər dəfə bir xatirəni oxucuların diqqətinə çatdırmağı özümə mənəvi borc bilirəm.

O, Gəncə Kənd Təsərrüfatı Akademiyasını, Bakı Ali Partiya Məktəbini bitirmişdi.
Ümummili lider Heydər Əliyevin ölkəmizə ilk rəhbərliyi dövründə, onun təyinatı və göstəşi ilə uzun müddət fərqli rayonlarda müxtəlif məsul vəzifələrdə: redaktor, Xalq Nəzarəti Komitəsinin sədri və s. çalışıb, eyni zamanda elmi, ədəbi, publisistik fəaliyyətlə də məşğul olub. Tarix və toponimikaya aid tədqiqatların, bir neçə elmi, publisistik, ədəbi-bədii əsərin müəllifidir. İki şeirini və Aşıq Hüseyn Saraçlı ilə bağlı xatirələrindən, arxivindən bir neçə fraqmenti sizinlə paylaşıram.
Soruşursan: kiməm, nəyəm? –
Məhəmmədin ümmətiyəm.
Nə sünnüyəm, nə şiəyəm,
Məhəmmədin ümmətiyəm.
Ulu türkün balasıyam,
Haqq sazını çalasıyam.
Sur dinənə qalasıyam,
Məhəmmədin ümmətiyəm.
Hasarıyam ədalətin,
Bulağıyam səxavətin,
Ocağıyam sədaqətin, –
Məhəmmədin ümmətiyəm.
Fani dünya qoca pirdi,
Tək Allaha bəlli sirdi…
Kitabım bir, Tanrım birdi, –
Məhəmmədin ümmətiyəm!
Yanvar, 1999 – cu il
***
Şükür olsun qüdrətinə,
Qüdrətinin hikmətinə,
Hikmətinin siqlətinə:
Allah əkbər, Allah əkbər!
Nə mələkdir, nə insandır,
Nə qocadır, nə cavandır,
Yaradandır, yaşadandır:
Allah əkbər, Allah əkbər!
Ömrü ucsuz zamandır o,
Zamandır o, məkandır o,
Həyata ilk təkandır o:
Allah əkbər, Allah əkbər!
Dünya fani, o əbədi,
Laməkandır yeri, səddi,
Sadiq Qara, gözlə həddi…
Allah əkbər, Allah əkbər!
1992 – ci il.

Atam danışırdı ki, 1984-cü ildə Qax rayonunda Xalq Nəzarəti Komitəsinin sədri işləyərkən Səfiyyə Dibirovadan sonrakı Birinci katib Maksim Musayevin xahişi ilə Məhsul bayramına aşıqlar dəvət etmək üçün Borçalı mahalına yola düşüb. Köhnə dostu olan Aşıq Hüseyn Saraclının qonağı olub, sabahı Aşığın özü və şəyirdi Aşıq Əhməd Sadaxlı ilə Qaxa yola düşüblər. Bir neçə gün xoş ovqatla rayonda bayram keçirilib, aşıqlar dastan danışıb, saz çalıb-söz qoşublar. (Həmin lentlər atamın arxivində hələ də qalır.) Təbii ki, atamın qonaqları olan aşıqlarla maraqlı baməzə söhbətlərdən xatirələri o, həmişə yada salardı. Məktublaşar, şeirləşərdilər. Hüseyn Saraclının atama şeirlə yazdığı məktublar da qalır…
Deyir, bir nəfər dəlləkxanaya daxil olub görür ki, kəl kimi biri ülgüclə başını qırxdırır. Amma zalım oğlu başını quru-quru, özü də tərsinə qırxdırır. Durub gedəndə dəlləkdən soruşur ki, o kim idi elə? Dəllək deyir, o mahalın qoçusudur, qüvvəli olduğunu göstərmək üçün həmişə başını tərsinə qırxdırır. Bu da xuruşlanıb oturur və deyir ki, mənim də başımı elə qırx. Dəllək ülgücü hərlədikcə hərif başlayır yavaş-yavaş qıvırcıxmağa. Astadan dəlləyə deyir, bir az çəplə. Görür yox, yenə də gözündən qığılcım çıxır. Yenə pıçıldayır ki, ay usta, bir az da yan götür. Axırda dözmür, deyir, ay usta düzünə qırx. Nə isə, birtəhər başını tam qırxdırıb durub gedəndə usta soruşur ki, qardaşoğlu, bəs demədin sən kimsən? Deyir, əmi, mən də məhlə qoşusuyam, məhlə qoçusu…
Atam deyir rəhmətlik Hüseyn əmiylə maraqlı zarafatlarımız vardı. Sovet dövrü olduğundan dövlət tədbirlərində dini motivli şeirlər çox oxunmazdı. Amma yığcam, səmimi məclislərdə el aşığı könül sandığını açardı. Belə məclislərin birində xalq dastanlarından bu şeiri oxudu:
Sazım səndən xəbər alım,
Sənin əslin ağaşdandı.
Ağaş dedim kefdən düşmə,
Xurma da var ağaştandı.
Çağırın gəlsin aşığı,
Məclislərin yaraşığı.
Həsən Hüseynin beşiyi,
O da vardır ağaştandı.
Qaraca oğlan batıb yasa,
İndi baxın ixtilasa.
Həzrət Musadakı hasa,
O da vardır ağaştandı.

Deyir, özümü biləməməzliyə vurub soruşdum ki, ay Hüseyn əmi, Hasan və Söyn kimdi? (Rəhmətlik o adları ləhcə ilə bu cür tələffüz edərdi). Deyir, dedi, hancarı kimdi, bə bilmersənmi Peyğəmbərin nüələridi. (Nəvəyə Borçalı ləhcəsində “nüə” deyirlər). Atam deyir, zarafatla dedim daha desənə Həzrət Əlinin uşaqlarıdır, dolayı niyə gəlirsən? Deyir, rəhmətlik əlini kürəyimə vurub: həə, elə də demək olar, bilerəm hası simə vurursan, deyib qəhqəhə çəkdi…
Tural İrfan
Yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

