Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizmindən yararlanan fermerlərin sayı artmaqda davam edir. Aqrar Sığorta Fondu tərəfindən Şəmkir və Samux rayonlarında arpa, şaftalı və nektarin sahələrinə dəyən zərərlərlə bağlı növbəti sığorta ödənişləri həyata keçirilib.
Samux rayonunun Füzuli kəndindən olan fermer Asif Qurbanov 44 hektar arpa sahəsini çoxsaylı risklərdən sığortalayıb və bunun üçün cəmi 557 manat sığorta haqqı ödəyib. May ayında əkin sahəsinə ceyran sürüsünün hücumu nəticəsində məhsulun bir hissəsi məhv olub. Baş vermiş hadisə ilə bağlı aparılan qiymətləndirmədən sonra fermerə 2 303 manat məbləğində sığorta ödənişi verilib.
Şəmkir rayonunun Varlı Həyat kəndində isə dolu yağması nəticəsində zərər görmüş arpa sahələrinə görə iki fermerə ödəniş olunub. Fermer Nəsir Yusifov 23 hektar sahəni sığortalayıb və 927 manat sığorta haqqı ödəyib. Zərərin qiymətləndirilməsindən sonra ona 12 302 manat ödəniş edilib. Digər fermer Eldəniz Yusifov isə 10,6 hektar arpa sahəsini sığortalayaraq 364 manat ödəyib və dolu hadisəsinə görə 5 313 manat sığorta ödənişi alıb.
Həmçinin Şəmkir rayonunun Keçili kəndindən olan fermer Nemət Məmmədov 2,75 hektar nektarin bağını sığortalayıb. Bağda baş verən şaxtavurma nəticəsində məhsula zərər dəyib və ekspertiza yekunlarına əsasən fermerə 13 710 manat məbləğində sığorta ödənişi təqdim olunub.
Fermerlərə ödənişlərin təqdimatı zamanı Aqrar Sığorta Fondunun regional filial rəhbərləri aqrar sığortanın təsərrüfatların maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, sığorta haqlarının 50 faizi dövlət tərəfindən qarşılanır, bu da fermerlərə minimal xərclə sahələrini sığortalamaq imkanı yaradır.
Fondun nümayəndələri fermerləri bu imkanlardan daha geniş istifadə etməyə çağıraraq, aqrar sığorta üzrə ödənişlərin ölkə üzrə davam etdiyini bildiriblər.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir