Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm proqramlar icra olunur. Həmin proqramlardan biri də bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin edilməsidir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, son illər ərzində 16 min şəhid ailəsinə və müharibə əlilinə, eləcə də onların ailə üzvlərinə dövlət tərəfindən mənzillər təqdim olunub. Dövlət başçısı vurğulayıb ki, bu sahədə Azərbaycan qədər geniş və sistemli dəstək göstərən ikinci ölkə yoxdur.
Qeyd edək ki, Prezidentin tapşırığı ilə mənzil təminatı proqramı Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra 5 dəfə genişləndirilib. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 mindən artıq mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Bundan əlavə, müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların minik avtomobilləri ilə təminatı da həyata keçirilir. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara ümumilikdə 7700 avtomobil təqdim edilib. Onlardan 567-si postmüharibə dövrünə təsadüf edir və hazırda avtomobil növbəsində olanların təminatı tam başa çatdırılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

