Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib.Mənzillər Bakı və Naftalan şəhərlərində, eləcə də Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yerləşən yeni yaşayış binalarından təqdim edilib.Bakıda 4 saylı DOST Mərkəzində keçirilən sənədlərin təqdimatı mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev həssas əhali qruplarına yönəlmiş sosial müdafiə tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi davamlı şəkildə gücləndirilir.
Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Postmüharibə dövründə onlara 7 mindən çox, ümumilikdə isə 16 minədək mənzil və fərdi ev təqdim olunub. Həmçinin həmin dövrdə müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb.
Yeni mənzillərlə təmin edilən şəhid ailələrinin üzvləri və müharibə əlilləri bayram ərəfəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

