Azərbaycan–Çin iqtisadi münasibətləri son illərdə daha da intensivləşərək yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında əməkdaşlığın əsasını yalnız ticarət dövriyyəsi deyil, həm də qarşılıqlı investisiya, logistika, rəqəmsallaşma, kənd təsərrüfatı və sənaye sahələrində genişlənən əlaqələr təşkil edir. Azərbaycanın nəqliyyat-tranzit mərkəzinə çevrilməsi, Çinin isə dünya iqtisadiyyatında artan rolu tərəflər üçün təbii inteqrasiya imkanları yaradır. Bu gün Çin artıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir və yeni layihələr əməkdaşlığın daha da şaxələnməsinə şərait yaradır.

Əməkdaşlığın gələcək inkişaf istiqamətləri isə yalnız ənənəvi ticarətlə məhdudlaşmır, həm də rəqəmsal iqtisadiyyat, innovasiya, yaşıl texnologiyalar, kənd təsərrüfatı və turizm kimi sahələri əhatə edir.

Yenifikir.media-ya açıqlamasında tanınmış iqtisadçı Rəşad Həsənov “Azərbaycan–Çin iqtisadi tərəfdaşlığında yeni imkanlar və sektoral prioritetlər hansılardır?” sualını ətraflı şərh edib.

O bildirib ki, ümumilikdə təbii və xarakterik xüsusiyyətlərə əsaslanaraq müqayisə apardıqda, Çin iqtisadiyyatı Azərbaycan üçün mühüm tərəfdaşlıq imkanları yaradır. Burada həm liberal tənzimləmə mexanizmləri, həm qiymətlərin əlçatanlığı, həm məhsul çeşidlərinin çoxluğu nəzərə çarpır. Son 10 ildə Çində idarəetmənin təkmilləşdirilməsi və xarici investisiyaların cəlb edilməsi istiqamətində atılan addımlar, eyni zamanda Azərbaycanın həyata keçirdiyi iri iqtisadi layihələr – xüsusilə də ölkənin nəqliyyat habına çevrilməsi və tranzit mövqeyinin gücləndirilməsi istiqamətində atılan addımlar – iki ölkə iqtisadi modelləri arasında oxşarlıqlar yaradaraq əməkdaşlığın təbii əsaslarını formalaşdırır. Bu əməkdaşlıq hazırda artan dinamika ilə inkişaf edir.

Bununla yanaşı, siyasi münasibətlərin yüksələn səviyyəsi, icrası başa çatmış və ya yekunlaşmaq üzrə olan layihələrin çoxluğu, dünyada sürətli və təhlükəsiz logistika xidmətlərinə artan tələbat əməkdaşlığın daha da genişlənməsi üçün əlavə imkanlar açır. Hazırda Çin Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. İstehlak edilən məhsulların əhəmiyyətli hissəsi – hər beş manatlıq məhsuldan biri – Çində istehsal olunur. Son illərdə əməkdaşlığın digər sahələrə transformasiyası istiqamətində də maraq artıb. Xüsusilə vizasız rejim qarşılıqlı iqtisadi münasibətləri sürətləndirir, əməkdaşlıq üçün əlverişli şərait yaradır və Çini Azərbaycanın mühüm turizm bazarlarından birinə çevirir. Son iki ildə bu tendensiyanın əlamətləri artıq aydın şəkildə görünməkdədir.

Çindən Azərbaycana investisiyaların cəlb olunması da müşahidə edilir. Həcmlər hələ ki, kiçik olsa da, əsasən rəqəmsallaşma, ekoloji cəhətdən təmiz istehsal və yeni texnologiyalar sahələrində təşəbbüslər diqqət çəkir. Bu, Azərbaycanın nəqliyyat parkının yenilənməsi, istehsal və idxal sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan hökuməti də iqtisadiyyatın rəqəmsallaşdırılmasını prioritet hesab edir. Bu istiqamətdə Çinin böyük layihələr hazırlamaq, onları maliyyələşdirmək və həyata keçirmək imkanları mövcuddur. Bu da əməkdaşlığın yeni istiqamətlərini formalaşdıracaq amillərdəndir.

Kənd təsərrüfatı da əməkdaşlığın perspektivli sahələrindəndir. Burada məhsuldarlığın artırılması, ixrac potensialının gücləndirilməsi, mənfəət normasının yüksəldilməsi, investisiyaların təkrar qoyuluşu, ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri ön plana çıxır. Çinin müasir, daha ucuz və tələblərə cavab verən texnologiyalarının tətbiqi bu sahədə böyük əməkdaşlıq imkanları yarada bilər.

Bundan başqa, Azərbaycanın tranzit layihələri Çindən və Çinə daşımalar olmadan öz əhəmiyyətini itirə bilər. Burada əsas iqtisadi tərəfdaş məhz Çindir. Doğrudur, son illərdə yükdaşımaların həcmi artıb, amma orta və uzunmüddətli dövrdə Orta Dəhlizin potensialından daha səmərəli istifadə edilməsi üçün Çinə yönəlik logistika və nəqliyyat xidmətlərinin genişləndirilməsi vacibdir.

Çinin mövcud potensialı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində də mühüm rol oynaya bilər. Avtomobil sənayesində hissələrin və hazır məhsulların istehsalı, kimya sənayesində birgə əməkdaşlıq imkanları, rəqəmsal texnologiyalar sahəsində yüksək əlavə dəyərli məhsulların istehsalı kimi sahələrdə əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycan bu istehsal proseslərinin qurulması və Çin məhsullarının Avropa bazarına əlverişli şərtlərlə çıxışı üçün mühüm məkan rolunu oynaya bilər. Burada xüsusilə Ələt Azad Ticarət Zonasının imkanlarından istifadə böyük faydalar verə bilər.

Bütün bu imkanların səmərəli istifadəsi orta və uzunmüddətli dövrdə hər iki ölkəyə, xüsusilə də Azərbaycan iqtisadiyyatına fayda gətirəcək. Çünki nisbətən kiçik iqtisadiyyata malik olan Azərbaycan üçün böyük iqtisadiyyatla əməkdaşlıq daha çox üstünlüklər təmin edir və milli maraqların reallaşmasına xidmət edir.

Yenifikir.media 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir